Göyçayda Nar bayramı keçirilib

1 Noyabr 2014 17:10 (UTC+04:00)

Bu gün Göyçayda keçirilən növbəti Nar bayramı möhtəşəmliyi ilə əvvəlkilərdən fərqlənib. Burada rayonun 30-a yaxın kəndinin məhsulları nümayiş etdirilib. Bayram iştirakçıları Heydər Əliyev prospektində musiqi sədaları altında qarşılanıb. Onlara yerli müəssisələrin istehsalı olan nar şirələri paylanılıb. Qonaqları festivalın əsas qəhrəmanı olan Nar şahzadəsi salamlayıb.
Qonaqlar və ictimaiyyət nümayəndələri ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri qoyublar.
Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, Milli Məclisin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev, aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç, Göyçay rayonu ilə qardaşlaşan İtaliyanın Valmontone şəhərinin meri Alberto Latini çıxış ediblər. Qeyd olunub ki, artıq doqquzuncu dəfə təşkil edilən bu məhsul bayramı Göyçayda narçılığın inkişafına təkan verib.
Çıxışlarda Nar bayramının bu və digər məziyyətlərindən bəhs olunub. Həmçinin belə bir fikir səslənib ki, ölkəmizdə narçılığın daha da inkişaf etdirilməsi üçün gələcəkdə müvafiq qanunun qəbul olunmasına ehtiyac duyulur.
Sonra qonaqlar nardan hazırlanan məhsulların, Göyçay mətbəxinin ləziz yeməklərinin, şirniyyatların dadına baxıb, yerli müəssisələrdə istehsal edilən şirə və cövhərlərin keyfiyyəti ilə maraqlanıblar.
Tədbirin sonunda Azərbaycanın tanınmış incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq olub.