Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) ev sahibliyi ilə dünyanın ən böyük gənclər təşkilatları və qitə miqyaslı gənclər platformalarını birləşdirən "Gənclər Platformalarının Beynəlxalq Koordinasiya Görüşü" təşkilatının illik yığıncağına start verilib. SİA-nın məlumatına görə, görüşün əsas məqsədi təşkilatın ötən il ərzində fəaliyyəti ilə bağlı hesabatının qəbul olunması və yeni idarə heyətinin seçkilərinin həyata keçirilməsidir.
Tədbirin açılış mərasimində çıxış edən ARGTMŞ-nın baş katibi Seymur Hüseynov iştirakçılara ARGTMŞ-nın fəaliyyəti, 3G strategiyasının gənclərin əməkdaşlığı istiqaməti çərçivəsində dünyanın aparıcı gənclər platformaları – Avropa Gənclər Forumu, "Pan-Afrika" Gənclər Birliyi, Latın Amerikası, Afrika və Asiya ölkələri ilə əməkdaşlıq əlaqələri, eyni zamanda Avropa Şurası, Avropa Birliyi və digər aparıcı beynəlxalq təşkilatların fəaliyyətində təmsil olunması haqqında məlumat verib. ARGTMŞ-nın baş katibinin çıxışı zamanı həmçinin iştirakçı gənclər platformaları və ARGTMŞ arasında gələcək əməkdaşlıq imkanları məsələsinə toxunulub.
"Gənclər Platformalarının Beynəlxalq Koordinasiya Görüşü" təşkilatının idarə heyətinin üzvü, Avropa Gənclər Forumunun vitse-prezidenti Lloyd Russell-Moyle çıxışı zamanı ARGTMŞ-a tədbirə ev sahibliyi etdiyinə görə təşəkkürünü bildirib, tədbirin Azərbaycanda, ARGTMŞ-nın ev sahibliyi ilə keçirilməsinin təsadüfi olmadığını, Şimal və Cənubu, Qərb və Şərqi birləşdirən Azərbaycanın dünyanın aparıcı gənclər platformaları arasında "körpü" rolu oynadığını, gələcəkdə iştirakçı gənclər platformaları və ARGTMŞ arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin zəruri olduğunu bildirib.
Tədbir 2 noyabr 2014-cü il tarixinədək davam edəcək. Tədbirin gedişatında təşkilatın yeni üzləri və idarə heyətinin seçkiləri keçiriləcək, təşkilatın növbəti illər üzrə strategiyası müəyyənləşdiriləcək.
Məlumat üçün qeyd edək ki, "Gənclər Platformalarının Beynəlxalq Görüşü" təşkilatı dünyanın aparıcı beynəlxalq və regional gənclər platformalarını birləşdirir. Avropa Gənclər Forumu, "Pan-Afrika" Gənclər Birliyi, Asiya Gəncləri və Tələbələri Assosiyasiyası, Asiya Gənclər Şurası, Karib Regional Gənclər Şurası, Latın Amerikası Gənclər Forumu, Sakit Okean Gənclər Şurası kimi gənclər platformaları təşkilatın üzvüdür. Təşkilatın məqsədi gənclər platformalarının əlaqələndirilməsi və dünyanın mühüm beynəlxalq təşkilatları və gənclər platformaları arasında qarşılıqlı əlaqənin formalaşdırılmasıdır.