Seymur Əliyev: “Azərbaycan Türkiyə iqtisadiyyatına 18 milyard dollar investisiya yatırıb”

31 Oktyabr 2014 16:23 (UTC+04:00)

"Türkiyə Azərbaycanın qarşılıqlı olaraq sıx əməkdaşlıq etdiyi aparıcı ölkələrdən biridir. Bu günə qədər Azərbaycanla Türkiyə münasibətlərində iqtisadi əməkdaşlıq çərçivəsində həm dövlət, həm də özəl sector səviyyəsində kifayət qədər ciddi addımlar atılıb". Bunu SİA-ya açıqlamasında iqtisadi expert Seymur Əliyev deyib.

Onun sözlərinə görə, Bakıda keçirilən Azərbaycan-Türkiyə Biznes Forumu ikitərəfli əlaqələrin özəl sektor səviyyəsində daha da genişlənməsinə şərait yaradacaq: "İndiyə qədər Azərbaycanla Türkiyə arasında iqtisadi baxımdan əhəmiyyətli razılaşmalar əldə edilib. Bakı-Tiblisi-Ceyhan boru kəməri, TAP, TANAP və digər iri həcmli birgə layihələr reallaşdırılıb ki, bunlar da Azərbaycan və Türkiyə münasibətlərinin təməlini təşkil edir. Bu əməkdaşlıqların əsasını Ümummilli Lider Heydər Əliyev qoyub və hazırda Prezident İlham Əliyev tərəfindən daha da şaxələndirilmiş şəkildə davam etdirilir. Keçirilən bu forum da ikitərəfli iqtisadi əlaqələrin daha da dərinləşməsinə, azərbaycanlı sahibkarların Türkiyədə, Türkiyə sahibkarlarının Azərbaycanda fəaliyyətlərinin genişlənməsinə xidmət edəcək. Həmçinin, birgə müəssisələrin yaradılması təşviq ediləcək ki, bu da öz növbəsində bizim yerli şirkətlərin rəqabət qabiliyyətini artırmış olacaq və sahibkarlıq sahəsində ciddi təcrübə mübadiləsinin aparılmasına imkan yaradacaq".

İqtisadçı qeyd edib ki, ölkəmizdə digər xarici şirkətlərə nisbətən Türkiyə şirkətlərinin çox olması Azərbaycanın makro iqtisadi problemlərinin həll olunmasına ciddi təsir göstərəcək: "Azərbaycanın yerli şirkətlərinin dünya, regional bazarlara çıxmasında ən böyük problemlərindən biri qərb standartları ilə bağlıdır. Hesab edirəm ki, Azərbaycanla Türkiyə arasında nə qədər çox birgə müəssisələr formalaşarsa yerli şirkətlərin də bu bazarlara məhsul çıxarmağa imkanları artar. Hazırda Türkiyə iqtisadiyyatına ən böyük xarici investisiya qoyan ölkə Azərbaycan Respublikasıdır və bu yatırım təqribən 18 milyard dollar təşkil edir".