Astarada feyxoa yığılır

27 Oktyabr 2014 15:38 (UTC+04:00)

Astara sitrusçuları feyxoa yığımına başlayıblar. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, bu il havaların quraq keçməsi rayonda sitrus meyvə istehsalı ilə məşğul olan torpaq mülkiyyətçiləri üçün problemlər yaratsa da, bağlarda bol məhsul yetişdirilib. Qısa müddətdə 1000 tondan çox feyxoa yığılıb. Rusiyanın gömrük məntəqələrində rusumların qaldırılması torpaq mülkiyyətçilərini daha çox yerli bazara yönəldib. Hazırda yerli bazarlarda bu məhsulun qiyməti stabil olaraq qalır. Ötən il 40-50 qəpiyə satılan feyxoa, hazırda müştərilərə 50 qəpiyə, 1 manata təklif olunur. Rayonun Ərçivan qəsəbəsində uzun illər sitrusçuluqla məşğul olan Rafiq Cəfərov 7 hektar bağdan ilk yığım zamanı 30 ton feyxo toplayıb. Məhsulun 20 tonu xarici, 10 tonu isə daxili bazarda satılıb. İkinci yığım zamanı isə 100 tondan artıq məhsul tədarük olunacağı gözlənilir. Ötən il Astara rayonunda 659 hektar feyxoa bağından 9 min 766 ton məhsul yığılıb. Hər hektardan məhsuldarlıq 183,3 sentner olub. Bu il bu rəqəmin 10 min tona çatdırılması nəzərdə tutulub.

Sərraf Mirsəfəroğlu