Bu gün hicri-qəməri təqvimi ilə 1436-cı ilin başlanğıcı Məhərrəm ayının biridir. SİA-nın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Məhərrəm ayı ilə bağlı fətvasında bildirilir ki, hicri-qəməri təqvimi ilə 1435-ci il başa çatır. Qazılar Şurası nəzərə çatdırır ki, yeni hicri 1436-cı ilin başlanğıcı - Məhərrəm ayının 1-i miladi təqvimi ilə 2014-cü il oktyabr ayının 26-na təsadüf edir:
"Məhərrəm ayı hicri-qəməri ilinin ayları arasında müqəddəs aylardan biridir. Bu ay Həzrət Peyğəmbərin buyurduğu kimi, müharibələrin qadağan olunduğu aylardan biri olmasına baxmayaraq, Aşura günü İslam tarixinə İmam Hüseyn əleyhissəlam və Əhli-Beyt tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi gün kimi daxil olub. Müsəlman ümmətinin tarixinə kədərli, lakin eyni zamanda insanlara qürur bəxş edən bir məqam kimi daxil olmuş Kərbəla faciəsinin nəsillərin yaddaşında yaşaması, İmam Hüseyn əleyhissəlamın həyat və mübarizəsinin yad edilməsi olduqca böyük əhəmiyyət kəsb edir. Belə ki, İmam Hüseyn əleyhissəlamın əzadarlığı, dinin saflığı uğrunda mübarizəsinin yad edilməsi bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, Vətən, iman sevgisi, əqidəyə sadiqlik uğrunda səfərbər olmanın, torpağa bağlılığın, işğal olunmuş ərazilərin azad edilməsi uğrunda fədakarlıq və dəyanətə çağırışın təcəssümüdür.