Bu gün Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Beynəlxalq Ekoenergetika Akademiyasının təşkilatçılığı ilə "Yaşıl İqtisadiyyat, eneri effektivliyi və ətraf mühit" mövzusunda Beynəlxalq konfrans keçirilir. SİA-nın məlumatına görə, konfransı dəstəkləyən təşkilatlar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyidir.
Konfransın həmsədrləri Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor, millət vəkili G.Məmmədova, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, AMEA-nın həqiqi üzvü Xoşbəxt Yusifzadə, Dövlət Neft Şirkətinin ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə, Memarlıq və İnşaat Universitetinin "ekologiya mühəndisliyi" kafedrasının müdiri F.Əliyevdir.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor, millət vəkili Gülçöhrə Məmmədova konfransı giriş sözü ilə açaraq deyib ki, bu konfrans çox aktual bir mövzuya həsr olunub: "Bu mövzunun 3 tərkib hissəsi var. Ekologiya, ətraf mühitin qorunması bəşəriyyəti narahat edən ən aktual problemlərdəndir. Texnika inkişaf etdikcə mütəxəssislər bunun bəşəriyyətə nə qədər təsir etdiyini anlayırlar. Enerji səmərəliliyi problemləri də öz aktuallığını göstərir. Bu hətta siyasi problemə çevrilib. Enerji probleminin dünyada nə qədər rol oynadığını bilirik. Enerjidən qənaətlə istifadə edilməsi, enerji təlabatı gələcək nəsil üçün də vacib məsələ sayılır. 2010-cu ilin "Yaşıl iqtisadiyyat" dünya iqtisadiyyatı üzrə 2,4% təşkil edib. Bu problemlərin ətrafinda bizim universitetin alimləri son illər böyük tətqiqatlar aparır. Bu istiqamətlərdə kadr hazırlıqlarına da fikir verilir. Ölkəmiz enerji resursları ilə çox zəngindir".
ARDNŞ-nin ekologiya üzrə vitse –prezidenti Rəfiqə Hüseynzadə deyib ki, yaşıl iqtisadiyyat və enerji effektivliyi ilə bağlı olan konfransımız böyük əhəmiyyət daşıyır. Azərbaycanın neft siyasətində ekologiyaya verilən önəm artıq 2006-cı ildən etibarən başlayıb. Artıq neftlə çirklənmiş torpaqlar təmizlənərək, bu torpaqlara ağac əkilir. Neflə çirklənmiş yerlər təmizləndikdən sonra yaşıllaşdırma əməliyyatı həyata keçiririk. Yaşıllaşdırma məsələsində 400 hektardan artıq əraziyə 500 min ağac əkmişik".
Qaradağ rayonunda tikiləcək yeni tullantı mərkəzindən danışan ARDNŞ nümayəndəsi qeyd edib ki, bu, dünyada müasir qurğulardan biri hesab olunur: "Qaradağda böyük tullantı mərkəzi yaradılacaq. Tikinti işləri başa çatdıqdan sonra qurğu işlədiləcək. Burada BP-nin də dəstəyi böyükdür. Dünya səviyyəsində ən böyük zavod olacaq. Burada həm çirklənmiş torpaq, həm də lay sularının təmizlənməsi həyata keçiriləcək. Bu işlər həm neft şirkəti, həm də BP üçün böyük önəm daşıyır".
Rəfiqə Hüseynzadə onu da vurğuladı ki, artıq neft və qaz istehsalında atmosferə zərərin sıfıra endirilməsi üçün işlər həyata keçirilir: "Səngəçalda həyata keçirilən hasilata alternativ qurğuları işlətmək üçün artıq işlər görürük. Bugünkü istehsal əlbəttə torpaqları çirkləndirir, əsas məsələ bunu həll etməkdir. Dənizin çirkləndirilməsinin qarşısını almaq da bizim əsas öhdəliyimizdir. Neft daşlarından əldə edilən alçaq təzyiqli qaz, kompressorlarla əldə edilərək istehsalata göndərilir. "Azəri Çıraq" yatağında 1996 – cı ildə ilk quyu qazıldıqdan sonra səmt qazı atmosferə buraxılırdı. 800 min kubmetr gündəlik qaz xaric edilirdi. Artıq, hazırda biz bunun da həllini tapdıq. Yeni texnologiya vasitəsi ilə biz bunu artıq atmosferə buraxmırıq. Bu qazın çölə çıxması hazırda 2 faizdən artıq deyil".
Yeni layihələrdən də danışan vitse – prezident bu layihələrdə də ekologiyaya ciddi fikir verildiyini bildirib: "Əsrin müqaviləsi"nin 20 illiyi ərəfəsində TANAP layihəsinin təməli qoyuldu. Bunu Cənub qaz dəhlizinin bünövrəsi olaraq qiymətləndirmək olar. "Azəri Çıraq Günəşli", "Şahdəniz 2" kimi layihələrdə biz ekologiyaya böyük üstünlük veririk".
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov isə diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılan "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında əsas hədəflərdən biri ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa nail olmaqdır: "Bu beynəlxalq konfrans öz aktuallığı ilə seçilir və burada mövcud problemlər həll olunur: "Kənd təsərrüfatının, yararlı torpaq ehtiyatlarının mühafizə edilməsi məqsədilə Milli Fəaliyyət Planının və s. hazırlanması bilavasitə yaşıl iqtisadiyyatın knkişafına və ətraf mühitin qorunmasına xidmət edir. Bu göstəricilərlə bərabər həmçinin aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı Prezident İlham Əliyev 16 aprel 2014-cü il tarixində aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi haqqında fərman imzalayıb. Bu fərman kənd təsərrüfatının institusional inkişafını təmin etmək, aqrar sahədə idarəetməni müasir dövrün tələblərinə uyğunlaşdırmaq, o cümlədən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturunu və fəaliyyətini təkmilləşdirmək məqsədi daşıyır. Qeyd edim ki, yaşıl iqtisadiyyatın dayanıqlı inkişafı üçün geoməkan məlumatlarının idarə olunması mühüm vasitədir. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün statistik məlumatların inteqrasiyasını xüsusi vurğulamaq lazımdır. Təbii ki, bu istiqamətdə də DTXK-də bir sıra işlər həyata keçirilib".
Daha sonra konfrans plenar iclasla davam edib və l seksiya üzrə "Tullantılar və onların ətraf mühitə təsiri" mövzusunda dinləmələr olub.
Qeyd edək ki, konfransa sabah yekun vurulacaq və burada ll seksiya üzrə "ekologiya mühəndisliyində nano texnologiyalar", lll seksiya üzrə isə "enerji effektivliyi və bərpa olunan enerji mənbələri" mövzusunda məsələlər müzakirə olunacaq.