Açıq səmalara bulud gələndə,
Həsrətim qəlbini ox tək dələndə,
Göylərdən üstünə dərd ələnəndə,
Məni xatırladar yağışlar sənə.
Özgənin yayından atılan oxsan,
Bu yeni dünyamda sən artıq yoxsan.
Mənim gözlərimə bir daha baxsan,
Yeni bir dünyanı bağışlar sənə.
Nələr gəlməyib ki mənim başıma,
Həyat çıxardarsa səni qarşıma,
Nə olar,dil açıb heç nə danışma,
Hər şeyi danışar baxışlar sənə...
Sanki şeytan namaz qılıb üzümdə,
Özünə bir məskən salıb üzümdə,
İllərin həsrəti qalıb üzümdə,
De, tanış gəldimi qırışlar sənə?
Sanki bu illərlə döyüşməmisən,
Gecələr zülmətlə söyüşməmisən,
Sən elə həminsən dəyişməmisən.
Afərin, afərin, alqışlar sənə...
Xəlil Adıgözəl