Bundan sonra gənclər nikaha girməzdən əvvəl sağlamlıq haqqında arayış təqdim etməlidirlər. Bununla bağlı bu gün Milli Məclisdə Ailə Məcəlləsinə dəyişiklik edilib.
Deputat Vahid Əhmədov isə bu tələbin effektiv olmayacağını bildirib. Onun sözlərinə görə, istənilən şəxs xəstə olsa belə, həkimdən pul verərək sağlam olması haqda saxta arayış alacaq və qanun sadəcə əlavə korrupsiyaya yol açacaq.
Ziyafət Əsgərov isə deyib ki, səhiyyə müəssisələrində işləyən insanları şübhə altına almaq düzgün olmazdı: "Qanunun fəlsəfəsi saf məsələyə xidmət edir. Əsas məqsəd odur ki, millətin gələcəyi sağlam olsun. Xəstə insanlar nikaha daxil olub xəstə uşaq dünyaya gətirməsinlər. Həyatdır, əgər müəyyən sui-istifadə halları olacaqsa, indi biz qanun qəbul etməyək?".
Fazil Mustafa isə təklif edib ki, həkim təkcə sağlamlıq haqqında arayışı verməklə kifayətlənməsin, həm də xəstəlik haqqında rəy versin və tərəflər bu rəylə tanış olmaq imkanını qazansınlar.
Millət vəkili Elmira Axundova isə bildirib ki, bu qanunun gənclərin həyatında əhəmiyyəti böyükdür. O bu işdə Səhiyyə Nazirliyinin də apardığı işi təqdirəlayiq hesab edib: "Əsas məqsədimiz odur ki, tərəflər tibbi müayinədən sonra bir-birinin tibbi nəticələri haqqında məlumatlansınlar".