Mingəçevirdə yeni tibb müəssisəsi istifadəyə verilib

17 Oktyabr 2014 14:41 (UTC+04:00)

Mingəçevir Ümumsağlamlıq və Endokrinologiya Mərkəzinin açılış mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, Mingəçevir şəhərində və ətraf rayonlarda şəkərli diabetdən əziyyət çəkən xəstələr üçün inşa edilən yeni tibb müəssisəsinin açılışında çıxış edən Azərbaycan Endokrinoloqları Elmi Cəmiyyətinin sədri, Endokrinologiya, Diabet və Metabolizm Mərkəzinin elmi rəhbəri, professor Valeh Mirzəzadə mərkəzin fəaliyyəti barədə geniş məlumat verib. Bildirib ki, müasir avadanlıqlarla təchiz edilən bu mərkəzdə şəkərli diabetdən əziyyət çəkənlərə yardım göstəriləcək. Burada kardioloji və laborator bölmələr də mövcuddur. Mərkəzdə yaradılan tədris otağında xəstələrə təmənnasız maarifləndirici məlumatlar da veriləcək.

Valeh Mirzəzadə qeyd edib ki, hələ 10 il əvvəl insanlar arasında şəkərli diabet xəstəliyinə nadir hallarda təsadüf edilirdisə, hazırda bu xəstəliyi haqlı olaraq əsrin epidemiyası adlandırırlar. Çünki dünyada bu xəstəlikdən əziyyət çəkən insanların sayı ilbəil çoxalır. Şəkərli diabet hər il dünyada minlərlə insanın ölümünə səbəb olan qeyri-yoluxucu xəstəliklərdən biridir. Məlumata görə, hazırda Azərbaycanda təxminən 170 min şəkərli diabet xəstəsi var.

Qeyd edək ki, sonra tibb müəssisəsinin açılışını bildirən rəmzi qırmızı lent kəsilib və yeni səhiyyə ocağında xəstələr üçün yaradılan şəraitlə tanışlıq olub.