Yağış döyəcləyir pəncərələri,
Günün hərarəti isitmir canı.
Xəzri vıyıltıyla açır səhəri,
Sazaq da təntidir hər bir insanı.
Yağış buludlardan ələnir yerə,
Qasırğa fırlanır fırfıralar tək.
Qabartma gətirir Araza, Kürə,
Göylərə millənir sırsıralar tək.
Xəzri küçələrə çəkməkdə avar,
Guya əjdahadır quyruq bulayır.
Zəngula üstündə əsir gilavar,
Tənha yalquzaqdır sanki ulayır.
Mat-qutum quruyub səhərdən bəri,
Bu nalə qəlb ütür, sinə dağlayır.
Külək cırıldadır məhəccərləri,
Ele bil beşikdə körpə ağlayır.
Hərarət səngiyib, ayaz yüksəlib,
Təbiət əlvida söyləyib yaza.
Bu il oktyabr soyuqla gəlib,
Payız qədəm qoyub astanamıza.
Valeh Məhərrəmli