Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Bərdə Rayon İcra İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bərdədə "Dini abidələrdə tarixin izləri-Bərdə imamzadəsi" mövzusunda elmi-praktik konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya Təminatı sektorundan SİA-ya verilən xəbərə görə, konfrans iştirakçıları səhər saatlarında Ümumilli Lider Heydər Əliyevin Bərdədəki abidəsini ziyarət edib, abidənin önünə çiçək dəstələri qoyublar.
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı, tarix elmləri namizədi Vidadi İsayev qonaqları salamlayaraq Bilik Fondunun "Dini abidələrdə tarixin izləri" layihəsinə Bərdə İmamzadəsindən başlanmasına və belə yüksək səviyyəli elmi-praktik konfransın keçirilməsinə görə layihənin ideya rəhbəri akademik Kamal Abdullayevə və Bilik Fonduna təşəkkürünü bildirib.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov "Dini abidələrdə tarixin izləri" layihəsi barədə qonaqları məlumatlandırdıqdan sonra söz məruzəçilərə verilib.
AMEA-nın Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, professor Gövhər Baxşəliyeva maarifçilik məqsədilə irimiqyaslı layihələr həyata keçirən Bilik Fondunun yaradılmasını yüksək qiymətləndirib, "Dini abidələrdə tarixin izləri" layihəsinin Azərbaycan üçün tarixi, dini-mənəvi, həm də tolerantlıq baxımından zəruri olduğunu deyib.
Məruzələrdən sonra akademik K.Abdullayev prezident İlham Əliyevin Fərmanına əsasən, əhalinin elmi-texniki, siyasi-ictimai, humanitar biliklərini artırmaq, Azərbaycan Respublikasının daxili və xarici siyasətinin, azərbaycançılıq məfkurəsinin mahiyyətini ictimaiyyətə çatdırmaq, milli-mənəvi, dini dəyərləri təbliğ etmək məqsədi ilə Bilik Fondunun yaradılmasını alqışladığını bildirib. K.Abdullayev multikulturalizmin artıq Azərbaycanda həyat tərzinə çevrildiyini deyən cənab prezidentin ölkəmizdə tolerantlığın inkişafında rolundan danışıb.
Dövlət müşaviri onu da vurğulayıb ki, Bilik Fondunun həyata keçirdiyi "Dini abidələrdə tarixin izləri" layihəsi çərçivəsində Azərbaycan ərazisində yerləşən məscidlər, ziyarətgahlar, kilsələr, sinaqoqlar, məbədlər və imamzadələrdə tarixi-elmi tədqiqatlar aparılacaq, abidələr hərtərəfli öyrəniləcək, nəticədə Azərbaycan tarixi üçün faydalı məqamlar üzə çıxarılacaq, ehtiyac olduqda müəyyən bərpa işləri aparılacaq.
Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Mədəniyyət və Turizm Nazirliyinin "Azərbərpa" Elmi-Tədqiqat Layihə İnstitutunun direktoru Telman Kərimli, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun İlk Orta əsrlər şöbəsinin müdiri, Bərdə və Gəncə arxeoloji ekspedisiyalarının rəisi Arif Məmmədov, AMEA-nın Tarix İnstitutunun "Qarabağ tarixi" şöbəsinin müdiri Qasım Hacıyev, AMEA-nın Əlyazmalar İnstitutunun şöbə müdiri Möhsün Nağısoylu, Bərdə şəhər Cümə məscidinin axundu, QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Ramazan Hüseynov, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Bərdə rayonu üzrə nümayəndəsi, Akademik Zərifə Əliyeva adına Bərdə şəhər Texniki Təmayüllü məktəb-liseyin direktoru Vüdadi Süleymanov, "Fərid-inşaat" firmasının direktoru Sübhan Həsənov, həmçinin Bərdə rayon ictimaiyyətinin nümayəndələri - ziyalılar və gənclər də iştirak ediblər.
Konfrans iştirakçıları "Bərdə İmamzadəsi", "Torpaqqala", "Bərdə qalası" nda aparılan bərpa işləri ilə tanış olublar.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Dini abidələrdə tarixin izləri" layihəsi Bərdə İmamzadəsindən başlayıb, kompleksin tarixi araşdırılıb, ilk dəfə olaraq daş kitabələr və qəbirüstü yazılar oxunub və tərcümə olunub. Əldə olunan materiallar əsasında sənədli filmin çəkilməsi, kitab hazırlanması nəzərdə tutulur.
.jpg)

