Gömrük rəhbərləri arasında iki sənəd imzalanıb FOTO

14 Oktyabr 2014 12:19 (UTC+04:00)

Bu gün Özbəkistanın Dövlət Gömrük xidmətinin rəhbəri Zohid Usanovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfəri çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə görüşüb.

Görüşdə çıxış edən komitə sədri Aydın Əliyev deyib ki, Azərbaycanla Özbəkistanı uzun əsrlərdir dost və qardaşlıq münasibətləri birləşdirir. Diqqətə çatdırılıb ki, səfərin əsası məqsədi ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsidir.

A.Əliyev qeyd edib ki, Azərbaycan və Özbəkistan gömrük xidmətləri iki ölkə arasında körpü rolunu oynayır.

Görüşdə gömrük əməkdaşlığı ilə bağlı ikitərəfli danışıqlar aparılıb, eləcə də Özbəkistan tərəfini maraqlandıran (Azərbaycan gömrük xidmətində və informasiya texnologiyaları sahəsində tətbiq olunan proqramlar, üsullar və s.) məsələlər müzakirə olunub.

Özbəkistanın Dövlət Gömrük xidmətinin rəhbəri Zohid Usanov isə Azərbaycanda olmaqdan məmnunluğunu dilə gətirib. Qonaq bildirib ki, bu gün Azərbaycan çox böyük inkişaf yolu seçib: "Hesab edirəm ki, bu inkişaf gömrük sahəsində də əks olunub".

Daha sonra Azərbaycan və Özbəkistan gömrük xidmətləri arasında iki sənəd imzalanıb. Sənədlərdən biri idxal-ixrac əməliyyatları ilə bağlı əvvəlcədən informasiyanın mübadiləsi haqqında olub. Digəri isə 2015-2016- illərdə hər iki ölkənin gömrük xidmətləri arasında Fəaliyyət Planı ilə bağlı idi.

Qeyd edək ki, görüşdən öncə Özbəkistanın Dövlət Gömrük xidmətinin rəhbəri Zohid Usanovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfəri çərçivəsində Fəxri Xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib və əklil qoyub. Qonaqlar oftolmoloq alim Zərifə xanım Əliyevanın da məzarını ziyarət edərək gül dəstələri düzüblər.

Şəhidlər Xiyabanında olan qonaqlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin məzarını ziyarət edib, Əbədi məşəl abidə kompleksinin önünə əklil qoyublar.