“Niyə?”

2 Oktyabr 2014 15:21 (UTC+04:00)

Niyə kövrəlir göylər,

Niyə yağır yağışlar.

Sevən dillər lal olur,

Ancaq dinir baxışlar?!..

Niyə çaylar qovuşur,

Qovuşub dəniz olur

Dünənki yad adamlar

Bu gün ən əziz olur?!..

Axı bahar gələndə,

Niyə açır çiçəklər.

Niyə insan qocalır,

Cavan qalır ürəklər?!..

Niyə dağlar çox uca,

Dərələr dərin olur.

Ötüb-keçən sevgilər,

Bu qədər şirin olur?!..

Niyə ayrılıq uzun,

Vəslin ömrü az olur.

Zülmətdən doğur səhər,

Qışdan sonra yaz olur?!..

Niyə göy qurşağıtək

Arzular uzaq olur.

İnsan bu gen dünyada

Bir anlıq qonaq olur?!..

Niyə sevgi, məhəbbət

Hər şeydən əzəl olur.

Vəfası olmayanlar

Həmişə gözəl olur?!..

Baba Vəziroğlu