Taleyindən qaça - qaça ögeyləşən, bu bizikmi?
Ömrün çətin anlarında hey vuruşan, hey əlləşən, bu bizikmi?
Sən o yanda, mən bu yanda, qaça- qaça, qova- qova,
Su ciləyib bir alova tüstülənib, sönə -sönə, bu bizikmi ?
Gedə- gedə, dönə- dönə, bu bizikmi?
Dost olub, düşmənə dönən, bu bizikmi?
Alovalanıb birdən sönən.
Sən hardasan, mən hardayam?
Başımıza nələr gəldi?
Nifrət iti xəncər kimi sevginin bağrını dəldi, bu bizikmi?
Özun söylə, mən taleyə neyləmişdim?
Düşüb ömrün sınağına sən dəyişdin, mən dəyişdim
Mən taleye neyləmişdim ?
Aralandı birgə yollar,
Pozub eşqin vəfasını, özgəsini quçdu qollar, bu bizikmi?
Ömrün şirin anlarını birgə sovurmuşuq yelə, bu bizikmi?
De nə oldu bizə belə?
Ayrılanlar qovuşdular, küsülülər barışdılar
Biz isə sığa bilmədik bir arzuya, bir diləyə, bu bizikmi?
Qəlbim məni çətin duya, yaşayırıq necə gəldi.
Fərqi yoxdur, ölüm çıxış yolu bizə.
Gündüz gəldi, gecə gəldi, fərqi yoxdur, bu bizikmi?
Azıb qaldıq bu taleyin dumanında, çiskinində.
İtirmişik sevgimizi, qəm oxunur gözümüzdən, bu bizikmi?
Xəbərdarıq biz hər şeydən, xəbərsizik özümüzdən.
Əminə Yusifqızı