Mən elə bilirdim, əbədi yazdı,
Sən demə, payızda güllər solurmuş.
Mən elə bilirdim, sonsuzdu yollar,
Sən demə, hər şeyin sonu olurmuş...
Sən demə, məhəbbət tək vüsal deyil,
Ayrılıq olursa, sevgi var imiş.
Mən elə bilirdim, dünya dəyişib,
Sən demə, dəyişən insanlar imiş...
Mən elə bilirdim, mənimdi cahan,
Bir Aylı, Günəşli Yer kürəsiyəm.
Sən demə, ömrümüz bircə an deyil,
Olsa, bu dünyanın bir zərrəsiyəm...
Dünyanı sevmişəm, könül vermişəm,
Hər doğan səhərə, hər açan gülə.
Xoşbəxt olmaq üçün dünyada, bəlkə,
Yaxşı ki, çox şeyi bilmirəm hələ...
Baba Vəziroglu