"Olum" ŞEİR

30 Sentyabr 2014 12:53 (UTC+04:00)

Məni axtarıb, axtarıb,

Tapa bilməsin heç kim.

Yağış yuyan izlər kimi,

Mən də qeybə çəkilim.

Dumana düşüb eləcə,

Gözəgörünməz olum.

Hamının yadından çıxım,

Yeri bilinməz olum.

Yiyəsiz bir varlıq kimi

Hardasa gecələyim.

Küncə sıxılan ruhumu,

Ulduzlara bələyim.

Mən də özümü tapmayım,

Unudum kimliyimi.

Yaddaşımı da itirim,

Dəli adamlar kimi.

Kiçilib gizlənə bilim

Bir quşun yuvasında.

Mənə də quşun anası,

Yem gətirsin ağzında.

Divarlardan, yuvalardan

Azad olub uçum mən.

Mənə özümdən də uzağ,

Bir məkana keçim mən.

Uçuşuma heyran olsun,

Bu sahibsiz səmalar.

Köç eləyim quşlar kimi,

Qoy tapmasın adamlar.

Xanım İsmayılqızı