Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda "Cənubi Qafqazda kitab premyerası" çərçivəsində – alman yazıçısı Rüdiger Safranskinin dahi alman şairi, dramaturqu, mütəfəkkiri İohann Volfqanq Hötenin həyat və yaradıcılığına həsr etdiyi "Höte – həyatın incəsənət əsəri" kitabının təqdimatı keçirilib. SİA-nın verdiyi xəbərə görə, AYB-in sədri, xalq yazıçısı Anar tədbirin əhəmiyyətindən, dahi alman şairi İ.V.Hötenin dünya ədəbiyyatı tarixinə bəxş etdiyi ölməz sənət incilərindən söz açıb.
Xalq yazıçısı qonaqları xalq rəssamı Tahir Salahovun Dədə Qorqud və xalq qəhrəmanı Koroğlunun portretləri ilə tanış edib.
Sonra Höte İnstitutunun direktoru, doktor Ştefan Vakvits çıxış edərək Rüdiger Safranskinin yaradıcılığı haqqında iştirakçılara məlumat verib. Bildirib ki, yazıçı-filosof R.Safranski 1945-ci ildə anadan olub, 60-cı illərdə Berlində təhsil alıb. O, 20-dən çox kitabı tərcümə edib, çoxsaylı mükafatlarla təltif olunub və bir sıra əsərlərin müəllifi kimi tanınıb. Vurğulanıb ki, R.Safranski "Höte – həyatın incəsənət əsəri"ində ilkin qaynaqlardan, böyük yazıçının əsərlərindən, məktublarından, gündəliklərindən, apardığı söhbətlərdən və müasirlərinin qeydlərindən qidalanaraq sonda universal dahinin şəxsiyyətini yarada bilib.
Tədbirdə çıxış edən Rüdiger Safranski bildirib ki, İohann Volfqanq Höte alman ədəbiyyatının, mədəniyyətinin təməlini qoyanlardan biridir. Onun həyat tərzi məni çox təəccübləndirir. O, həyatı sevirdi, yazıçı, şair, rəssam kimi bütün işləri yüksək səviyyədə yerinə yetirirdi. Höte yeniliyə meyilli insan idi. Qeyd edib ki, "Höte – həyatın incəsənət əsəri" kitabı nəşr olunan kimi Avropada uğur qazanıb, bir çox Avropa dillərinə, o cümlədən rus dilinə tərcümə olunub. Əsərin Azərbaycan dilinə də tərcüməsi planlaşdırılır. Rüdiger Safranski Hötenin "Qərb-Şərq divanı" haqqında da məlumat verib, əsərdən bir parçanı alman dilində oxuyub.
Qeyd edək ki, sonda yazıçı tədbir iştirakçılarının suallarını cavablandırıb.