"Bələdiyyə üzvləri ərazidə əhalinin sayına görə seçilir. Bələdiyyələrin sayının azaldılması təbii ki, onların üzvlərinin sayına da təsir edəcək. Lakin burada heç bir nöqsandan söhbət gedə bilməz". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev bələdiyyə üzvlərinin sayının azalması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bələdiyyələrin sayının azaldılması və onların birləşdirilməsi çox yaxşı və dünyəvi prosesdir: "Çünki bir çox xarici ölkələrdə olmuşuq və bu sahədə olan təcrübəni öyrənib ölkəmizdə tətbiq etmək niyyətindəyik. Həmin ölkələrdə də əvvəllər bələdiyyələrin sayı kifayət qədər çox idi. Zaman keçdikcə, onların sayı azaldı. Ümumilikdə bələdiyyələr demokratiyanın ifadəsi olduğundan vətəndaş istədiyi zaman öz qurumunu yarada bilər. Lakin bu qurum fəaliyyətsiz və insanların tələbatını ödəmədikdə cəmiyyətdə müəyyən narazılıqlar yaranır".
"Bir sıra beynəlxalq qurumlar irad tuturlar ki, Azərbaycanda çoxlu bələdiyyələrin olmasına baxmayaraq, guya onların əksəriyyəti fəaliyyətsizdir. Onlar bələdiyyələrin maliyyə vəsaitinin olmamasını əsas gətirərək bildirirlər ki, heç bir vəsait almadan həmin bələdiyyələr necə fəaliyyət göstərə bilər. Həmin təşkilatla cavab olaraq fəaliyyətsiz bələdiyyələrin digərlərinə birləşdirilməsi düzgün prosesdir. Xarici ölkələrin çoxunda bu kimi işlər davamlı şəkildə həyata keçirilir. Almaniya, Norveç, Latviya, Türkiyə bu kimi ölkələrə misal ola bilər"-deyə, millət vəkili qeyd edib.
O həmçinin qeyd edib ki, birləşdirilən bələdiyyələrdə idarəetmə prosesi daha asan olur: "Eyni zamanda, belə bələdiyyələrə daha peşəkar insanlar cəlb olunur. Bələdiyyələrin birləşdirilməsinə don geyindirən qüvvələr də var ki, onlar hər bir xırda kənddə bələdiyyə olmasının tərəfdarıdırlar. Axı fəaliyyəti olmayan qurum kimə lazımdır? Ona görə də 2008-ci ildə Azərbaycanda 1040 bələdiyyə birləşdirildi. Bu yaxınlarda isə 204 bələdiyyə də bu aqibəti yaşadı. Bu gün ölkədə 1700-dən artıq bələdiyyə var, Lakin hesab edirəm ki, bu rəqəmlərin sayı 700-ə endirilsə, nəticə daha yaxşı olar".
"Bu sahədən xəbəri olmayan insanlar deyir ki, demokratiya var və lap xırda yerdə belə bələdiyyə yaradılmalıdır. Qardaş ölkə olan Türkiyədə 1500-dən artıq əhalisi olmayan ərazidə bələdiyyə yaradıla bilməz. 40 nəfər əhalisi olan ərazidə hansı bələdiyyənin yaradılmasından söhbət gedə bilər? Bələdiyyə üzvlərinin azaldılması o demək deyil ki, bələdiyyələr fəaliyyətsizdir"- deyə, millət vəkili fikirlərinə əlavə edib.
Tahir Rzayev hesab edir ki, birləşmədən sonra bələdiyyə üzvlərinin sayının az olması işə heç bir mənfi təsir göstərməyəcək: "Bu yaxınlarda regionlarda bələdiyyə üzvləri ilə görüşürdüm. Sözün düzü, bir çox bələdiyyə üzvləri iclaslara gəlmək istəmirdilər. Artıq gənc qadınları da bu işə cəlb etmək lazımdır. Lakin bu seçim elə aparılmalıdır ki, həmin üzvlər fəal olsunlar. Yoxsa gəncdir deyə kimisə bələdiyyələrə gətirə bilmərik. Ona görə də daha qabiliyyətli insanları tapmalıyıq ki, bələdiyyələrin işində daha səmərəli işləyə bilsin. Savadı olan kiçik bir qrup hər şeyə qadirdir. Bu səbəbdən də bələdiyyələrə savadlı, qabiliyyətli və mütləq şəkildə əhali arasında nüfuzu olan biri seçilməlidir".
Bələdiyyə seçkiləri ilə bağlı işlərin yüksək səviyyədə təşkil olunduğunu deyən millət vəkili deyib ki, bir neçə gün bundan əvvəl bələdiyyə sədrləri ilə bir araya gələrək geniş şəkildə müzakirələr həyata keçirilib: "Həmçinin Yeni Azərbaycan Partiyası tərəfindən bir sıra görüşlər baş tutub. Bununla yanaşı, elmi-metodiki göstərişlər çap olunub. Yerlərdə bu kimi işlər mütəmadi şəkildə gedir. Artıq YAP tərəfindən seçkilərə kimlərin gedəcəyi ilə bağlı müəyyən siyahılar tərtib olunub. Müəyyən müxalif qüvvələr iddia edirlər ki, hazırlıqlar yaxşı deyil. Onlara demək istərdim ki, görülən iş üçün səs-küy salmağa ehtiyac yoxdur. Bütün hazırlıq işləri öz axarında gedir. Hətta bu gün Milli Məclisdə Regional məsələlər komitəsində "Bələdiyyələrin statusu haqqında" qanuna bir sıra dəyişikliklər olundu ki, bələdiyyə üzvləri iclaslara 3 dəfədən çox qatılmadıqda onların səlahiyyətlərinə xitam verilə bilər. Bütün bunların hamısı bu sahədə görülən işlərin bir parçasıdır".