AXCP-nin qaz balonunun partlaması nəticəsində dağılmış qərargahının sahibi Azər Əsgərov Əli Kərimliyə qarşı ittihamlarını davam etdirir. SİA-nın məlumatına görə, bina sahibi həmin ittihamlarını "Yeni Müsavat" qəzeti və saytı vasitəsilə səsləndirir. Artıq bir neçə gündür ki, ittihamlarını davam etdirən Azər Əsgərov AXCP sədrini onu müdafiə etməməkdə suçlayır. Adıçəkilən qəzetə və sayta açıqlama verən Azər Əsgərov deyib ki, Əli Kərimli 7 aydır susur, "Azadlıq" qəzetinə də imkan vermir ki, bu barədə yazsın: "Əli Kərimlinin ayaqqabısının biri götürülsəydi, indi dünyanı dağıtmışdı", deyə Azər Əsgərov kəskin ittiham irəli sürmüşdü.
AXCP sədri Əli Kərimli isə bu ittihamlara hər zamankı kimi qarşı-qarşıya deyil, facebook səhifəsində cavab verib. O, Azər Əsgərovu hakimiyyətə xal qazandırmaqda suçlayıb. Lakin Əsgərov bunun müqabilində Əli Kərimliyə əmanətə xəyanət etdiyini çatdırıb: "Əmanətimi Əli Kərimliyə vermişəm. Mülk dağılan vaxt orada olardı. Niyə Əli Kərimli ora gəlmədi?".
Qeyd edək ki, Əli Kərimli özünün facebook yazısında Azər Əsgərovun açıqlamalarını dərc edən qəzetlərə də böhtan atmaqdan özünü saxlaya bilməyib və günahı onlarda görüb: "İqtidar mətbuatı da onun bu açıqlamalarını sevincək tirajlayır".
Onu da xatırladaq ki, AXCP fəalları və "Azadlıq" qəzeti "Yeni Müsavat" rəhbərliyini satqın adlandıraraq Əli Kərimlini deyil, məhz qərargah sahibi Azər Əsgərovu dəstəkləməkdə ittiham edib. "Yeni Müsavat"ın baş redaktorunun müavini Azər Ayxan isə sadəcə bir fikir ilə cəbhəçilərin ittihamlarını alt-üst edib. Baş redaktorun müavini bir çox arqumentlər ortaya qoyaraq, Əli Kərimlinin xəyanətkar olduğunu deyib.
Nəticədə Azər Əsgərov AXCP sədrinin paylaşdığı statusla bağlı daha sərt açıqlamalar verib: "Əli bəyin fikirləri məni qane etsəydi, ona facebookda cavab verməzdim. AXCP üzvləri məni düşmən, satqın adlandırmağa başlayıblar. Qoy etsinlər. Onlarla işim yoxdur. Çünki qərargahımı Müsavata versəydim, həmin partiyanın üzvlərinə yox, başqanına müraciət edərdim. Mən Əli bəyə 5 bəndlə müraciət etmişəm. Həmin bəndlərin ikisinə cavab istəyirəm…Əli Kərimli, martın 4-dən bu yana sən nə etmisən? Deyirsən ki, cəbhəçilər hər zaman yanımda olub. Kim mənim yanımda olub ki, xəbərim yoxdur? Tutulduğum zaman şəkil çəkdirmişik. Gözəl Bayramlı başda olmaqla, 3 nəfər məhkəmə önünə cəbhəçi gəlmişdi. Onlara qarşı heç bir iradım yoxdur. İradım Əli Kərimliyədir. Deyirəm ki, sən neynəmisən? Bu suala cavab axtarıram. Gözəl xanım da əleyhimə status yazıb. Qoy yazsın…AXCP fəalları məni tənqid edirlər. Əli bəyi tənqid etdiyimə görə indi satqınam? Sadəcə olaraq, tənqidə açıq olmaq lazımdır…Bütün Azərbaycan bilir ki, Əli bəy partlayış baş verəndən söküntü işləri olana qədər bir addım da atmayıb. Atmamısansa özün bilərsən. Bəs indi hansı siyasi addımları atırsan? Mənə sosial şəbəkədə müdafiə lazım deyil. Gündə bir səfirlik, təşkilatla görüşürsən. Hansında məsələmi qaldırmısan? Mənə dəyən ziyanı qabartmısan? Bütün bunları Gözəl xanıma da demişəm. O dediklərimi təsdiq edərək, düz olduğumu söyləyib. Adam başı aldatmaqla deyil ki".
Mülk sahibi sosial şəbəkələrdə ona yazılan mesajlarda təhqir olunduğunu bildirdi: "Mən siyasətlə məşğul olmuram. Mənə məktub yazıb deyirlər ki, siz satılmısınız. Mən niyə satılıram ki? Əli bəyin başmağının bir tayı götürülsəydi, indi dünyanı dağıtmışdılar".
Xatırladaq ki, "Azadlıq" qəzeti də Əli Kərimlinin təlimatlarına uyğun olaraq mülk sahibini hakimiyyətə işləməkdə ittiham edib. Qəzetin baş redkatoru Qənimət Zahid sosial şəbəkədə yazıb: "Azər bəyi aldadıblar ki, Əli Kərimliyə qarşı bəyanatlar ver, sənin pulunu verəcəyik. Təkrar edirəm, aldadıblar, sadəcə olaraq".
Bundan sonra Azər Əsgərov Qənimət Zahid və AXCP haqqında daha sərt iradlar səsləndirib: "Qənimət Zahid kimdir? Dövlətə işləyir? O, "Azadlıq"ın redaktorudur. Qaçıb gedib xarici ölkəyə. Dövlətə işləyirsə, mənə kompensasiya verilib-verilməyəcəyini bilməlidir. Kim nə yazırsa, yazsın. Mənə "agent", "xain", "satqın" və başqa sözlər deyə bilərlər... Mirzə Sakitin onlar barədə dedikləri doğrudur... Onları qızışdırırlar, ağıllarına gələni yazırlar. Onları əvvəllər tanımamışam. İlk dəfə mülkümü Rəsul Quliyevin partiyasına vermişdim, sonra da bunlara. Kirayə vermişdim. Şükür etsinlər ki, yaxalarından tutub mülkümü tələb etmirəm. Mənə 3 min manat təklif etdilər ki, onlara sərf edən məktubu oxuyum. Amma imtina etdim. Pul düşkünü olsaydım, çoxdan almışdım. Bunu hər kəs qəşəng düşünsün. Söz alsaydım, onları partlayış olmamış qərargahdan çıxarardım. Çünki dəfələrlə mənə təhdid gəlmişdi. Mənə deyilən sözün hər biri şər-böhtandır. Onların özləri belə anlaşmaya vaxtilə getdiklərinə görə, indi mənim haqqımda deyirlər. Elə zənn edirlər ki, hamı bunların özü kimidir".
Beləliklə, AXCP sədri Əli Kərimliyə xüsusi yaxınlığı ilə seçilən daha bir şəxs onun iş üzünü ifşa edib. Bu amil isə bir daha onu sübut edir ki,
Cəbhə daxilində baş verən istefa olayları da bilavasitə Əli Kərimlinin avtoritar idarəçiliyi. Eyni zamanda naşılığı ilə bağlıdır. O cümlədən, Müsavat Partiyasına yaxınlığı ilə seçilən "Yeni Müsavat" qəzeti bu fürsəti əldən verməyərək, həm "Azadlıq" qəzetinə, həm də AXCP-yə qarşı hücumlarını sərtləşdirib.
Rövşən Nurəddinoğlu