“Suyu quruyan bulaqlar” HEKAYƏ

25 Sentyabr 2014 14:36 (UTC+04:00)

Qafargili, həyətində gür çeşməli, şirin sulu, sərin bir bulaq vardı. Dağlar qoynunda yerləşən səfalı kəndimizdə demək olar ki, hər həyətdən bir bulaq axırdı.Amma, Qafargilin həyətindəki bulağa çatan bulaq yox idi. Uşaqlıqda, beş-altı yaşlarında, o bulağın çeşməsindən içdiyim suyun dadı ağzımdan, sərinliyi canımdan, həzin nəğməsi qulağımdan hələ də çəkilməyib. Elə bilirəm, bu təkcə mənim deyil, həm də yaşıdlarımın hamısının bu günə qədər yaddaşlarından silinməyən əziz bir xatirədir. Bu xatirə həmişə mənim yadıma düşəndə, qəlbimdə bir itgilik göynərtisi hiss olunub, qasnağı qopardılmış yara kimi mənə əziyyət verir. O bulağın suyunun birdən-birə quruması hamını heyrətə saldı. Bulağın suyunun quruması ilə Qafargilində evi-eşiyi tamam dağıldı.

* * *

Kəndə hay düşdü ki, Qafar davadan qayıdır, sağ-salamat. Özü ilə də urus gətirir (kəndimizdə rus milliyətindən olana hamı urus deyir). Biz, yəni kəndimizin kiçik yaşlı uşaqları demək olardı ki, bilmirdik bu urus nə olan şeydir. Çünki, bütün işimiz, gücümüz elə öz kəndimizdə olduğu üçün kənara getməzdik. Demək olar ki, dünyanın böyüklüyündən, kişiliyindən xəbərsiz öz doğma kəndimizdə yaşayıb, öz dirliyimizlə məşğul olub, başqa məxluqların varlığından, yoxluğundan tamam bixəbər qalmışdıq. Urus sözünü eşitsək də üzünü görməmişdik. Hətta kəndin bəzi avam qarıları təkidlə sübut eləməyə çalışırdılar ki, bu urus deyilən şey əcayib bir məxluqdur. Uşaqlar da qarılara inanırdılar. Bəzi qoca, avam kişilər isə deyirdilər ki, urus Adama oxşayan bir şeydi. Bizdə isə bu adama oxşarlıq bir az şübhə yaradırdı. Öz özlüyümüzdə fikirləşirdik ki, bu urus deyilən şey, nə isə indiyəcən bizim bu dağlarda, meşələrdə görünməyən qeyri adi bir məxluqdur ki, yəqin Qafar onun nəslin artrmaq üçün gətirir. Sübhiyyə qarının isə qanı bərk qaralmışdı. Kimsə ona başa salmışdı ki, Qafar gətirən bu urus kafirdir, ona yaxın düşmək günahdır…

Hamımız Qafarı, onun gətirdiyi urusu görmək üçün kəndimizə gələn yeganə yolun keçdiyi meşə talasına toplaşmışdıq. Bir neçə atlı isə lap uzağa getmişdilər ki, camaata bu xəbəri tez çatdırsınlar.

Gün dağların dalına keçəndə meşə yolundan talaya bir neçə atlı çıxdı. Camaat, hamı bir nəfər kimi atlılara yanaşdıq. Bunlar bizim kəndin Qafarı qarşılamağa gedən cavanları idilər. Qafarı qarşılamaq üçün gedəndə özləri ilə artıq at aparmadıqları üçün atlılardan ikisi təriklətmişdi. Qafar hərbi geyimdə idi. Biz talanın düz ortasında Qafargili dövrəyə aldıq. İçərilərində sarışın, nazik, güllü don geyinmiş bir qız da var idi. Biz öz uşaqlıq marağımızı boğa bilməyib, Qafarla görüşüb-öpüşənlərə imkan vermədən:

- Qafar əmi, bəs urus hanı? - deyə xəbər alırdıq.

Amma hamını, Qafarla görüşməyə başı qarışdığı üçün bizə cavab verən tapılmırdı. Sübhiyyə qarı isə Qafarı köksündən buraxmırdı ki, buraxmırdı.

Nəhayət ara bir az sakitləşdi və Qafara ilk sualı da Sübhiyyə qarı özü verib bizi intizardan qurtardı:

- Bala, o urus deyilən şey gətirmisən bəs o hanı?

Qafar bərkdən qəhqəhə çəkib güldü, sonra isə özü anasının boynunu qucaqlayıb dedi:

- Ana, urus yox, rus! Özü də bax bu qızdır. Adı da Olya.

Sübhiyyə qarı dönüb Olyaya baxdı. Qafar özgə dildə ona nə dedisə qız Sübhiyyə qarıya yaxınlaşdı. Sübhiyyə qarı aşağıdan yuxarı qızı süzüb, əllərini göyə qaldıraraq dua etdi:

- Şükür sənə ilahi, sən demə bu urus da adamıymış.

Olya isə Sübhiyyə qarını öpmək üçün əllərini yanlara açıb irəli bir addım ataraq dayanmışdı ki, qarının əlləri ilahi dərgahından aşağı ensin. Sübhiyyə qarı bunu görmürmüş kimi, üzünü camaata tutub dilləndi:

- Ay camaat, daha gecdir, gedək qurbanımızı kəsək…

* * *

Elə ilk gündən qarı oğlundan xahiş etdi ki, bu urusu öz dinimizə döndərsin. Amma, nə qədər çalışdılarsa, Olyanın dili "La ilahə illəllah" dönmədi. Elə "lalixa", "laxixa" eləyib durdu. Çox yalvardı qarı öz oğluna ki, bu urusu başa salsın, qab-qacaha toxunmasın, bulağın çeşməsində yarı çılpaq soyunub yuyunmasın, o çeşməni lap murdarlamasın. Amma dedikləri bir fayda vermədi. Olyanın əli bulağın çeşməsinə toxunan gündən çeşmə öz gurluğunu zəyiflədi. Bulağın suyu zəiflədikcə Sübhiyyə qarı da yanan şam kimi əriməyə başladı. Cəmi üç ayın içində, sərin bir payız günündə Sübhiyyə qarı dünyasını dəyişdi. Meyidini yumaq üçün suyu kəndin aşağı tərəfindəki "qarı bulaq"dan gətirdilər. Həyətdəki bulağın çeşməsi on gün olardı ki, susmuşdu. Anasının qırxından sonra Qafar da Olya ilə hamıdan xəbərsiz harasa getdi. Həmin ilin qışında möhkəm yağan qar evi də uçurdu.

İndi də o həyət-bacanın xarabalığı durur. El arasında ora hamı "murdarlıq götürməyən yer" deyirlər. Sübhiyyə qarını görənlər isə bu xarabalığa müqəddəs bir yer kimi baxır və onun ruhuna dualar oxuyurlar.

İsrail İsmayılov