Novruz Aslan: “Avropa Parlamentindəki müzakirələrin bir məqsədi var - o da...” AÇIQLAMA

24 Sentyabr 2014 12:40 (UTC+04:00)

"Avropa Parlamentinin Azərbaycanla verdiyi qərar zərrə qədər də olsun ədalət prinsipinə söykənmir, bu qərar heç bir normal düşüncənin məhsulu deyil. Avropa istəyir ki, bu kimi müzakirələrdən, qətnamələrdən öz siyasi maraqları naminə istifadə etsin. Ancaq nə Azərbaycan dövləti, nə də xalqımız buna imkan verməz. Bizim gücümüz, inkişafımız bütün dünyaya, eləcə də Avropaya bəllidir". Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ( AQAC) prezidenti, millət vəkili Novruz Aslan bu fikirləri SİA-ya açıqlamasında bildirib.

Millət vəkili N.Aslan qeyd edib ki, dünyada nəinki ikili standartlar, dördlü standartlar da var: "Azərbaycanla bağlı qətnamə o qədər gülünc doğurur ki, hər bir vətəndaşımız Avropanın bizim inkişafımızı qısqandığını başa düşür. Qərbin bir sıra qurumları Azərbaycana qarşı qərəzli şəkildə mütəmadi olaraq bəyanatlar verir, qərarlar qəbul edirlər. Ancaq bu, bizim inkişafımıza xələl gətirə, tərəqqimizə mane ola bilməz. Avropa Parlamentindəki müzakirələrin, qərarların bir məqsədi var - bundan təzyiq vasitələri kimi istifadə etmək. Lakin onların nə etməsindən asılı olmayaraq biz öz siyasətimizi davam etdiririk. Cənab Prezdentin gördüyü işlər göz qabağındadır. İnsanlarımızla, xalqımızla iqtidar arasında böyük səmimiyyət var. Regionlarımızın inkişafı Qərbin mərkəz şəhərlərinin inkişafından daha sürətlə gedir. Təbii ki, bu inkişaf çoxları kimi Avropanı da narahat edir".