“Kasıb”

24 Sentyabr 2014 11:17 (UTC+04:00)

Növbəti dəfə, yenə də pərt halda, çiyinlərində dünyanın ağırlığı, gərilmiş əsəblərinin nəticəsindən gözlərinə qaranlıq çökə-çökə öz evinə doğru gedirdi. Titrəyən dizlərinin bükülməsindən ehtiyat edib, yıxılmasın deyə yolun kənarındakı şam ağaclarından birinə söykəndi, dərindən nəfəs alıb özünə toxtaqlıq verməyə çalışdı və başını yuxarı qaldırıb sonsuz göylərə baxdı…

Birinci dəfə deyildi ki, belə pərt olurdu. Həmişə dediyi düz sözü onun üzünə ağ bir yalan kimi təhqirə çevrilir, müəyyən vaxtdan sonra doğruluğu olunsa da, həmin sözün məhz başqaları tərəfindən söyləndiyi iddia edilirdi və belə bir fikrin, sözün doğru olmasının onun tərəfindən deyildiyi üzünəcə sübuta yetirilirdi, düşdüyü gülünc vəziyyətdən hamı zövq alır, onu lağa qoyub gülürdülər. Səbəbi isə - kasıb olması idi…

Hər bir insan özünün də bilmədiyi, onun üçün ulu bir varlıq tərəfindən seçilmiş, dəyişilməsi mümkün olmayan bir yolla gedir. Əgər o, dönüb geriyə, keçdiyi yola nəzər salsa, görər ki, buraxılmış səhvlərə görə özündən başqa heç kimi günahlandırmağa haqqı yoxdur. Onun da beynindən keçən ilk söz, ilk fikir "Günah" oldu. Keçirdiyi həyat tərzi, düşdüyü bu çətinlik üçün heç kimi günahlandıra bilmirdi. Bəli, günahkar onun özü idi ki, vaxtında öz haqqını əlində saxlaya bilməmiş, səxavəti imkanından güclü olmuş, indi isə düzəlməsi mümkün olmayan bir çətinliklə üzləşmişdi. Elə bir çətinlik ki, işığı, işartısı olmayan qaranlıq bir Aləmi xatırladırdı. Bu çətinlikdən heç olmasa azca yaxa qurtarmaq üçün gəldiyi yeganə ümid yeri olan doğmalarının ocağından həmişə gözü nəmli, üzü qəmli dönürdü. İlin-günün bol nemətli vaxtında, günlərlə bir çörək puluna həsrət qaldığı vaxtlar çox tez-tez təkrar olunur, imdad üçün yaxınlarından kömək istədikdə isə kasıblığı bir dəyənəyə dönüb başına çırpılırdı.

Bəli, düzgün sözə, doğru fikrə, saflığa, insani hisslərə indi heç nə verilmir. Bu belədir və həmişə də belə olub. Yalan doğrudan qabağa düşüb, ayaq tutub yeriyib, doğru özünün doğruluğunu sübuta yetirənə kimi yalan öz işini görüb. Yalan, həmişə kasıb adlanan bir təbəqəni yaradıb, onu özünün qurbanına, şikarına çevirib.

Bu gün, o da ayaq tutub yeriyən yalanların, kasıblıq çirkabına bulaşmış bir şikarı kimi, gövdəsinə söykəndiyi ağacdan yıxılmamaq üçün, bir kömək, bir imdad diləyə-diləyə intihar qərarını qəbul edirdi. Bu qərarın əsasını çox-çox əvvəllər buraxdığı səhvlər qoymuş, səbəbi isə bu günki düşdüyü vəziyyət-kasıblığı olmuşdu.

Özünə gəlib, evinə tərəf yavaş-yavaş hərəkət etməyə başladı. Doğrusu evinə də getmək istəmirdi. Çünki, öz evində, ailəsində də sözü kəsərini itirmiş, bir ailə başçısı kimi, bir valideyin kimi hörməti layiq olduğu səviyyədən aşağı enmişdi. Bunu o son günlər lap çox hiss edirdi. Səbəbi isə yenə də ehtiyac, kasıblıq idi. Kasıblıq böyük bədbəxtlikdir. Bədbəxtliyi isə axtarmaq lazım deyil. O, həmişə adamla yanaşı addımlayır. Lakin, onu tam aydınlığı ilə əvvəldən görmək olmur. Onun kimə, nə dərəcədə yaxın olması, törətdiyin fəsaddan sonra varlığını nəzərə çarpdırır ki, onda da hər şey çox gec olur. Belə

fəsadlar həmişə kasıbların ünvanlarına istiqamətlənir və pullular, varlılar tərəfindən görünməz olur, görülsə də kasıblar üçün adi bir hal kimi, həyatı labüdlük kimi baxılır. Odur ki, kasıblığı həyatın ən böyük bədbəxtliyi kimi qəbul edənlər heç vaxt yanılmırlar. Əgər kasıbları yaradanın nəzərindən kənarda qalanlar kimi qəbul etsək, biz də yanılmarıq. Kasıblıq, sanki, haqsızlığa layiq olmağın aydın təzahürüdür ki, buna həyatda çoxları layiq olur və bu çoxluq yüksək azlığın haqlı olduğunu həmişə təsdiq edir. Kasıb həmişə mənəviyyətcə zəif, zəif olduğu qədər də haqsız olduğu üçün, şəxsiyyəti də ilk növbədə doğmaları, yaxınları tərəfindən, sonra isə özgələri tərəfindən adi bir şey tapdalanır və heç vaxt onun fikri, düzgünlüyü nəzərə alınmır. Bütün dövrlərdə kasıblar haqsızlığın ünvanına çevrilib, bir nəticə kimi isə öz qəlblərində yaranmış ikrahın, paxıllığın qurbanları olmuşlar.

Bəli, bu gün o, belə qurbanların sırasında dayanmışdı. Bütün bunların hamısını, tam aydınlığı ilə, dərk edirdi. Bu həyatın dərki idi. İnsan həyatı dərk etdiyi zaman, həmişə ölümün astanasında dayanır. Artıq, o da özünün cansız bir müqəvvaya döndüyünü görür, ruhu göylərə, haqqa qovulurdu…

İsrail İsmayılov