Ucuz, əskik... boğazlardan yuxarı,
Mən belə verilişin nəyinə baxım?
Qalxmaq müşkül loğazlardan yuxarı,
Mən belə verilişin nəyinə baxım?
Vacib gerçəklərə eyham edirsə,
Matəm günlərini bayram edirsə,
Keyfiyyətsizliyi reklam edirsə,
Mən belə verilişin nəyinə baxım?
Ucaldılır hər reytinqi aşağı,
Kolbasayla dolur isti qucağı,
Ucuz şou tutubsa dörd bucağı,
Mən belə verilişin nəyinə baxım?
Tərsə yozur aqilin kəlamını,
Reklam edir "Maqnit"in xlamını,
Bıqdırırsa səni, onu, hamını,
Mən belə verilişin nəyinə baxım?
Hər "bozbaşı"ın boğazında xırıltı,
Daim reklam eyləyirlər bu xıltı,
Apogeyə ucalırsa hırıltı,
Mən belə verilişin nəyinə baxım?
Göz dağlayır nəhs müğənni şəltəsi,
Xaric notlar odlu güllə qəlpəsi,
Aparıcı titrətmirsə hər kəsi,
Mən belə verilişin nəyinə baxım?
Əyri görən gözlər korsa, qulaq kar,
Səslənirsə mütəmadi qınaqlar,
Bir-birini yeyirlərsə qonaqlar,
Mən belə verilişin nəyinə baxım?
Şoumendə kalan siftə qalırsa,
Naşı yazar maaşı müftə alırsa,
Kamil əsər müəllifdə qalırsa,
Mən belə verilişin nəyinə baxım?
Valeh Məhərrəmli