Aydın Hüseynov: “Bu xidmət Azərbaycan dövlətinə qarşı satqınlıq və qarayaxmadır” AÇIQLAMA

20 Sentyabr 2014 11:53 (UTC+04:00)

"Avropa Parlamentinin Yaşıllar fraksiyasının Leyla Yunusu "Saxarov" mükafatına namizədliyini irəli sürməsi heç də təəccüblü deyil". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, hakim partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib.

YAP rəsmisinin sözlərinə görə, artıq məsələnin görünməyən tərəfləri üzə çıxır: "Leyla Yunusun kimlərinsə sifarişini zaman-zaman yerinə yetirməsi heç kimə sirr deyil. Məhz bunun müqabilində də həmin şəxs mükafatlandırılır. Digər tərəfdən Azərbaycanın gücü, qüdrəti günü-gündən artır ki, bu da bəzi dövlətlərdə qısqanclıq yaradır. Düşünürəm ki, Avropa Parlamentinin Yaşıllar fraksiyası Leyla Yunusu "Saxarov" mükafatına namizəd seçməklə onu gündəmə gətirmək istəyir. Bütün bunlara baxmayaraq Azərbaycan dövləti demokratik, müstəqil, tolerant və unikal dövlətdir. Ölkəmiz bütün hallarda öz qanunlarına söykənir. Azərbaycanda yaşayan hər bir ölkə vətəndaşının dövlətimizin qanunlarına riayət etməsi birbaşa onun Konstitusiya borcudur. Məhz Leyla Yunus da Konstitusiyanı, qanunları pozduğuna görə həbs olunub. Sadəcə olaraq bu şəxs Avropa Parlamentinin Yaşıllar fraksiyasına xidmət etdiyinə görə, bu mükafata layiq görülüb. Bu xidmət isə Azərbaycan dövlətinə qarşı satqınlıq, qarayaxma, ermənilərin dəyirmanına su tökməyə hesablanıb".