YAP GB-də seminar keçirilib

19 Sentyabr 2014 18:09 (UTC+04:00)

Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ofisində "Ekologiyasız Həyat Yoxdur" layihəsi çərçivəsində sonuncu seminar keçirilib. SİA-nın məlumatına görə, seminar iki hissədən ibarət olub. Birinci hissə dünyada ekologiya təhlükəsizliyi, ikinci hissə isə Azərbaycan təbiəti və onun mühafizəsi sahəsində həyata keçirilən ekoloji layihələr mövzusunda olub.

Seminarı giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri Seymur Orucov bu layihənin əhəmiyyətindən danışıb. O bildirib ki, dünyada baş verən hadisələr, xüsusilə də müharibələr ekologiyaya öz təsirini göstərir: "Ermənistanda yerləşən atom elektrik stansiyası da ekoloji baxımdan çox təhlükəli bir obyektdir. Bu stansiya artıq neçə illərdir ki, fəaliyyət müddətini başa vurub, lakin hələ də mövcudluğunu qoruyur. Bu stansiya Ermənistanla bərabər Azərbaycan üçün də böyük təhlükə mənbəyidir. Əgər onun bir blokunda hər hansı bir partlayış olarsa radiasiya küləyin istiqaməti ilə Azərbaycana da gələ bilər və bu gələcək nəsillər üçün böyük fəsadlar yaratmış olacaq. Həmçinin qeyd etmək lazımdır ki, ermənilər işğal altında olan torpaqlarımızda ağacların, heyvanların hamısını məhv ediblər. Bununla onlar təkcə Azərbaycanın deyil, dünya ekologiyasına da ziyan vurublar".

Seymur Orucovun sözlərinə görə, ölkəmizdə təbiəti qorumaq, ekologiyanın təhlükəsizliyini təmin etmək sahəsində silsilə tədbirlər keçirilir: "Hal-hazırda ekologiyanının qorunması sahəsində dövlət tərəfindən ciddi tədbirlər həyata keçirilir. Dövlət başçımız cənab İlham Əliyevin göstərişi ilə qoruqların mühafizəsi daha da gücləndirilib, ağackəsmə ilə bağlı cəzalar sərtləşdirilib, su-konalizsiya sistemlərində quruculuq işləri daha da möhkəmləndirilib".

Daha sonra Nazirlər Kabinetinin aparıcı məsləhətçisi Rövşən Məmmədov çıxış edərək ekologiyanın qlobal bir məsələ olduğunu və bu sahədə planlaşdırılan bütün addımların dərhal tətbiq edilməli olduğunu qeyd edib: "Dünyada ekoloji böhran, ekoloji təhlükəsizlik problemləri var. Lakin bu barədə qərara alınan tədbirlər hələ də sadəcə vərəq üzərindədir. Onların tətbiqinə artıq çoxdan başlanılmalı idi. Xüsusi ilə nüvə obyektləri və onların təhlükəsiz istismarına nəzarət olunmalıdır. Yaponiyada baş verən hadisə hələ də öz mənfi təsirlərini göstərir, uşaqlarda şüalanmadan yaranan mutasiya halları müşahidə olunur. Belə halların yenidən baş verməməsi üçün dünya dövlətləri bu sahədə birgə tutarlı addımlar atmalıdırlar".

Seminarın növbəti hissəsində iştirakçıların sualları və təklifləri dinlənilib. Bir neçə təklifin icrasında onlara istənilən dəstəyin göstəriləcəyi bildirilib.

Təranə Səfərova