"Əsrin müqaviləsi" BDU-da qeyd olunub FOTO

19 Sentyabr 2014 17:09 (UTC+04:00)

Bu gün Bakı Dövlət Universitetində "Əsrin müqaviləsi"nin 20 illik yubileyi münasibətilə tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbiri açan universitetin rektoru Abel Məhərrəmov bildirib ki, Ümummilli lider Heydər Əliyevin apardığı uğurlu siyasətin nəticəsi olaraq 1994-cü ilin sentyabrın 20-də dünyanın tanınmış şirkətləri ilə imzalaan "Əsrin müqaviləsi" son 20 ildə ölkəmizin çağdaş tarixində əsl dönüş nöqtəsi olub.

Rektorun sözlərinə görə, bu müqavilənin imzalanmasından ötən illər ərzində ölkəmiz iqtisadi-siyasi sahədə daha da qüdrətlənib, dünyanın iqtisadi cəhətdən aparıcı dövlətlərindən birinə çevrilib, Azərbaycan iqtisadiyyatının, xüsusən sənayenin və neft sektorunun müasirləşməsi üçün təməl rolunu oynayıb: "Ulu öndərin müəllifi olduğu yeni neft strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev hər zaman fədakar neftçi əməyinə xüsusi qiymət verib, neft sənayesi işçilərinə böyük diqqət yetirib və ötən müddətdə genişmiqyaslı islahatların aparılmasına, sənayenin şaxələndirilməsinə xüsusi təkan verib".

ARDNŞ-nin vitse-prezidenti Xoşbəxt Yusifzadə "Əsrin müqaviləsi"ni Azərbaycanın yeni neft mərhələsi kimi xarakterizə edib və həmin müddətdən başlayaraq təməli qoyulan yeni layihələrdən danışıb.

Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov və akademik Ziyad Səmədzadənin də fikirlərini bölüşdüyü tədbirdə universitetin professor-müəllim və tələbə heyəti iştirak edib.