Bu gün Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Dünya Bankının missiyasının rəhbəri Johanna Jaeger və nümayəndə heyətinin üzvləri ilə görüş keçirilib. QKDK-dan SİA-ya verilən xəbərə görə, görüşü giriş sözü ilə açan QKDK-nın sədri Rüfət Aslanlı qonaqları salamlayaraq, ölkəmizin Dünya Bankı ilə əməkdaşlığını yüksək qiymətləndirdiyini və QKDK ilə imzalanan "Kapital Bazarlarının Müasirləşdirilməsi" layihəsi çərçivəsində əməkdaşlığın hazırda mühüm mərhələdə olduğunu vurğulayıb.
Komitə sədri "Kapital Bazarlarının Müasirləşdirilməsi" layihəsinin həyata keçirilməsi çərçivəsində ölkədə qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan müasir qiymətli kağızlar bazarının formalaşdırılmasında müsbət rol oynadığını qeyd edib. R.Aslanlı sözügedən layihənin effektiv icrası nəticəsində bazar infrastrukturunun təkmilləşdirilməsi və avtomatlaşdırılması istiqamətində böyük nailiyyətlərin əldə olunduğunu, İT satınalmalar üzrə işlərin isə sürətlə davam etdirildiyini deyib. O, QKDK-nın nəzdində yaradılmış Kapital Bazarı üzrə Təlim Mərkəzinin cəmiyyətdə maliyyə savadının artırılması, həmçinin maarifləndirmə və məlumatlandırma istiqamətində effektiv işlərin görüldüyünü müsbət hal kimi qiymətləndirdiyini görüş iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra Dünya Bankı missiyasının rəhbəri xanım Johanna Jaeger növbəti dəfə Bakıya gəlişindən məmnunluq ifadə edərək "Kapital Bazarlarının Müasirləşdirilməsi" layihəsinin icrası istiqamətində peşəkar işçi qrupunun qurulduğunu, bu istiqamətdə işlərin sürətlə inkişaf etdiyini və layihənin hazırki mərhələsində vacib məsələlərin həll olunduğunu vurğulayıb. Johanna Jaeger layihənin icrası ilə bağlı təqdim olunan hesabatların Dünya Bankı tərəfindən yüksək qiymətləndirildiyini bildirib.
Görüşün sonunda "Kapital Bazarlarının Müasirləşdirilməsi" layihəsinin icrasının nəzərdə tutulan müddətlər çərçivəsində tamamlanacağına və müəyyən olunan məqsədlərə nail olunacağına əminlik ifadə olunub.