“Avropa Parlamenti Azərbaycan əleyhinə tapşırıqları yerinə yetirir” AÇIQLAMA

18 Sentyabr 2014 11:27 (UTC+04:00)

"Düzdür, bu gün Avropa Parlamentində Azərbaycanla bağlı müzakirələr aparılacaq. Amma bu hələ o demək deyil ki, müzakirələr obyektiv olacaq. Çünki Avropa Parlamenti mütəmadi olaraq ölkəmiz əleyhinə qərəzli məlumatlar yayır, mahiyyəti bəlli olmayan müzakirələr aparır. Bu da o müzakirlərdən biri olacaq". Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli bildirib.

Avropa Parlamentinin almaniyalı deputatı Aleksandr Graf Lambsdorfun ALDE qrupu adından Azərbaycan əleyhinə layihə təqdim etdiyini deyən E. Mirzəbəyli vurğulayıb ki, o da, Avropa Parlamenti də onlara verilən xüsusi tapşırıqları yerinə yetirirlər: "Şübhəsiz ki, Avropa parlamenti öz ənənəsinə sadiq qalaraq, bu dəfə də ölkəmiz əleyhinə yöndəmsiz, qeyri-obyektiv, qərəzli və heç bir fakta söykənməyən qətnamə qəbul edəcək. Bütün bu qərəzli tənqidlər ona görədir ki, Azərbaycan böyük inkişaf yolunu tutub. İnkişafımız Avropa Parlamentini necə qıcıqlandırmaya bilər? Onlar qısa müddətdə böyük demokratik nailiyyətlər əldə edən bir müsəlman dövlətini səmimi qəbul edə bilmirlər. Avropa Parlamentində ölkəmizlə bağlı müzakirəyə təqdim olunan layihədə göstərilir ki, guya Azərbaycanda siyasi repressiyalar baş alıb gedir. Əgər kimsə dövlətə xəyanət edibsə və buna görə cəzalandırılıbsa bu, siyasi repressiya yox, qanunların qələbəsidir. Avropa Parlamenti bizim qanunlarımıza hörmət etməyi bacarmalıdır".