Oqtay Əsədov: "Dövlətlər arasında əməkdaşlığın zəruriliyi tarix boyu heç vaxt bu qədər dərindən hiss edilməyib"

15 Sentyabr 2014 19:49 (UTC+04:00)

Avropa məkanına inteqrasiya, demokratik dəyərlərin inkişafı müstəqil Azərbaycan Respublikasının həyata keçirdiyi siyasətin əsasını təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsi olaraq ölkəmizin nüfuzu beynəlxalq aləmdə durmadan artır. Dünyanın bir sıra nüfuzlu təşkilatlarının bərabərhüquqlu üzvü olan Azərbaycan mühüm beynəlxalq tədbirlərə intensiv şəkildə ev sahibliyi edir. Dövlətimizin başçısı Azərbaycanda gedən sürətli iqtisadi inkişaf prosesləri, Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında beynəlxalq tribunadan məharətlə istifadə edir. Artıq Azərbaycan qlobal layihələrdə iştirakına və siyasi gedişlərinə görə çağdaş dünyanın önəmli üzvünə çevrilib. Dünyada mövcud olan ikili standartlar siyasətinə baxmayaraq artıq bu gün beynəlxalq aləm Azərbaycan reallıqlarını, torpaqlarımızın işğalı faktını etiraf etmək məcburiyyətindədir.

Milli Məclisin mətbuat xidmətindən bildiriblər ki, Avropada demokratiyaya və insan haqlarına qarşı təhlükənin yaranması məsələsi Norveçin paytaxtı Oslo şəhərində sentyabrın 10-dan 13-dək keçirilən Parlament Sədrlərinin Avropa Konfransında geniş müzakirə olunub.

Altmışa yaxın parlament rəhbərinin qatıldığı konfransda Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edib. Nümayəndə heyətinin tərkibinə deputatlardan Çingiz Əsədullayev, Sahibə Qafarova, Xanlar Fətiyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxil idilər. Parlament Sədrlərinin Avropa Konfransında "Konstitusional hüquq və azadlıqlar demokratiyanın şərti kimi", "Avropada demokratiya, suverenlik və təhlükəsizlik", "Çoxluq və müxalifət – tarazlığın əldə olunması" mövzularında müzakirələr aparılıb.

Milli Məclisin sədri konfransda "Avropada demokratiya, suverenlik və təhlükəsizlik" mövzusunda çıxış edib.

Oqtay Əsədov deyib ki, toplantı üçün seçilmiş mövzu Avropanın bu günü və gələcəyi ilə bağlı olan mühüm məsələlərin böyük bir kompleksini müzakirə etməyə imkan yaradır. Davamlı inkişafın ümdə şərtləri olan üç ali dəyər – demokratiya, suverenlik və təhlükəsizlik bir-biri ilə üzvi surətdə bağlıdır və bir-birindən asılıdır. Suverenliyin və təhlükəsizliyin təmin edilməsi demokratik proseslərin genişlənməsinə və dərinləşməsinə şərait yaradır, yaxud əksinə, dövlətin idarə edilməsində demokratik prinsiplərin həyata keçirilməsinin keyfiyyəti suverenliyin və təhlükəsizliyin təmin edilməsi səviyyəsini müəyyən edir.

Ötən əsrin son rübündə Avropa ölkələrində demokratiyanın inkişafı yolunda qarşıya çıxan çətinliklər, əsasən daxili amillər – yəni ölkələrin özündə baş verən dəyişikliklər, xüsusən cəmiyyətin sosial strukturunun təkamülü, əhali təbəqələrinin sosial, iqtisadi, siyasi davranış standartlarının və motivlərinin yenilənməsi və digər amillərlə bağlı idi. Bugünkü demokratiyanın qarşılaşdığı problemlər terrorizm, beynəlxalq cinayətkarlıq kimi ekzogen xarakterli amillərin dövlətlərin daxili həyatına getdikcə artan təsiri, bəzi ölkələrdə isə bunlardan əlavə, həm də etnik separatizm, davakar millətçilik, xarici işğal, dövlət suverenliyinin pozulması ilə müəyyən olunur.

Müasir dövrün çağırışları demokratik idarəçilik problemlərinin ötən dövrdə təşəkkül tapmış paradiqma çərçivəsində həllinin mümkünlüyünü şübhə altına alır. Məsələ bundan ibarətdir: indiyə qədər olduğu kimi seyrçi mövqe tutaraq demokratik inkişaf üçün çətinliklərin üst-üstə yığılmasını və artmasını gözləyək, yoxsa demokratik dəyərlər sistemi üçün təhdidlər doğuran təhlükəsizlik problemlərinin, xüsusən dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə qəsdlərin, etnik separatizmin, davakar millətçiliyin qarşısının alınması üçün vahid yanaşma formalaşdırmağa cəhd göstərək?

Məsələnin məhz bu cür qoyuluşunu Azərbaycan dövlətinin nümayəndələri dəfələrlə müxtəlif forumlarda təklif ediblər. Bunun səbəbi hamınıza çox yaxşı məlumdur. İyirmi ildən artıqdır ki, Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İşğal altındakı ərazilərdə, eləcə də Ermənistan ərazisində dəhşətli soyqırımı əməlləri ilə müşayiət olunan etnik təmizləmə aparılıb, 1 milyondan artıq azərbaycanlı yurd-yuvasından didərgin salınıb.

Milli Məclisin sədri deyib: "Bizim təkidli çağırışlarımızın kökündə həmişə bir fikir dayanıb: suverenliyə və təhlükəsizliyə qəsd demokratiyaya və qanunun aliliyinə qəsddir. Eyni zamanda, biz bu ideyanı avropalı həmkarlarımızın diqqətinə çatdırmaq istəmişik ki, üzv ölkələr arasında daha böyük vəhdətə nail olmaq məqsədinə can atan Avropa Şurasının üzvlərindən birinin suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə qəsd olunursa, bu, bütün birliyə, ümumi dəyərlərimizə qəsd kimi dəyərləndirilməlidir. Belə bir Şərq məsəlini xatırlatmaq istəyirəm: "Yağış yağanda tək bir insanın qapısına düşmür".

Təəssüf ki, bütün bu illər boyu Avropanın siyasi gündəmi üçün digər məsələlər daha aktual hesab olunub. Deyə bilərəm ki, Avropa Şurasının digər bir üzvü tərəfindən silahlı təcavüzə məruz qalmış Azərbaycanın hüquq və ədalətə söykənən tələblərinə müvafiq qaydada reaksiya verilsəydi, Azərbaycanın təhlükəsizliyi Avropanın təhlükəsizliyi hesab olunsaydı, ikili standartlar kənara qoyulsaydı və hər şey öz adı ilə çağırılsaydı, yəni separatizm "xalqın öz müqəddəratını təyin etməsi", terrorçuluq "milli-azadlıq mübarizəsi" adlandırılmasaydı, bəlkə də indi bu dərəcədə ciddi təhlükələrlə üz-üzə qalmazdıq.

Avropa böyük sınaqlar qarşısındadır. Bu gün biz artıq təhlükəsizliyin ayrı-ayrılıqda bu və ya digər aspektindən deyil, məsələn, ərzaq, informasiya və ya enerji təhlükəsizliyindən deyil, ümumi təhlükəsizlikdən, dövlətlərin suverenliyinə və fiziki bütövlüyünə olan təhlükələrdən danışmalı oluruq. Təbii ki, zamanın bu ciddi çağırışlarına yalnız birlikdə, bütün dövlətlərin birgə səyləri ilə adekvat cavab vermək mümkündür. Dövlətlər arasında əməkdaşlığın zəruriliyi tarix boyu heç vaxt bu qədər dərindən hiss edilməyib. Bölüşdüyümüz dəyərləri qorumaq üçün kollektiv məsuliyyət daşıdığımızı birmənalı dərk etməliyik.

Bu gün etnik separatizmə və davakar millətçiliyə, özgə torpaqlarının qəsb edilməsinə göz yumulmasının bütün Avropada suverenlik və demokratiya üçün nə dərəcədə təhlükəli olduğu hamılıqla qəbul edilməlidir. Avropa ölkələri bir daha birmənalı şəkildə bəyan etməlidirlər ki, xalqların öz müqəddəratını təyin etməsi yalnız dövlətlərin ərazi bütövlüyü çərçivəsində mümkün ola bilər. Hesab edirəm ki, bir çox universal və regional sənədlərdə əksini tapmış bu müddəanın konvensial formada təsbit edilməsinə ehtiyac var. Bununla da bu məsələ ətrafında hər cür möhtəkirliyə son qoyulmuş olardı. Hamınız razılaşarsınız ki, müəyyən edilmiş və hamılıqla tanınmış dövlət ərazilərinin və sərhədlərinin özbaşına və qanunsuz pozulması cəhdlərinin qarşısı kollektiv səylərlə dərhal alınmalı, mənfi presedentlərin yaranmasına heç cür yol verilməməlidir.

Oqtay Əsədov deyib: "Azərbaycan parlamenti adından bəyan etmək istəyirəm ki, bu gün qitəmizin üzləşdiyi ağır problemlərin həlli və Avropada demokratiyanın, suverenliyin və təhlükəsizliyin etibarlı şəkildə qorunması üçün biz digər Avropa ölkələrinin parlamentləri ilə səylərimizi birləşdirməyə və birgə fəaliyyət göstərməyə hazırıq".

Qeyd edək ki, Parlament Sədrlərinin Konfransının açılış mərasimi sentyabrın 11-də Norveçin qədim parlament binasında olub. Milli musiqi səsləndirildikdən sonra Avropa Şurasına üzv olan dövlətlərin parlament rəhbərlərini salamlayan Norveç parlamentinin (Stortinq) rəhbəri Olemik Tomesson belə bir tədbirin Norveçdə keçirilməsinin ölkə Konstitusiyasının 200 illik yubileyi ilə əlaqədar olduğunu diqqətə çatdırıb.

Konfransın açılış mərasimində çıxış edən Avropa Şurası Parlament Assambleyasının sədri xanım Ann Brasör son dövrlərdə dünyada baş verən hadisələrdən danışıb.

AŞPA-nın baş katibi Torbörn Yaqland isə Avropa İttifaqının və Avropa Məhkəməsinin İnsan Haqları üzrə Avropa Konvensiyasına qoşulmasının vacibliyini qeyd edib.

Konfransda Utoya və Oslo faciəsinin ildönümündə ksenofobiya və milli ekstremizmə qarşı etiraz əlaməti olaraq 22 iyulun "Nifrətə qarşı" günü kimi qeyd olunmasına dair razılıq əldə olunub.

Avqustun 11-də Milli Məclisin sədri Oqtay Əsədov AŞPA-nın sədri Ann Brasörlə görüşüb. A.Brasör Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü xatırladıb. O, Oqtay Əsədovun konfransdakı çıxışını qeyd edərək bildirib ki, bu gün Avropa üçün təhlükə yaradan hadisələrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bir "katalizator" qismində çıxış edir. Bu fakt özü bugünkü Avropa üçün bir həyəcan təbili olmalıdır.

Görüşdə Azərbaycanda insan haqları və demokratikləşmə sahəsində görülən işlərdən bəhs edilib, AŞPA sədrinin Azərbaycana gözlənilən səfəri müzakirə olunub.

Konfrans çərçivəsində Oqtay Əsədov Çexiya parlamenti Deputatlar Palatasının sədri Yan Hamaçek və İsrail Knessetinin sədri Yuli-Yoel Edelsteyn ilə də görüşüb. Görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər, ölkələrimiz arasındakı iqtisadi-siyasi münasibətlərdən söhbət açılıb. Onlar Milli Məclis sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini ölkələrinə dəvət ediblər. O.Əsədov parlamentlərarası əlaqələrdən, eləcə də beynəlxalq təşkilatlarda əməkdaşlıqdan razılığını bildirib. O, hazırda münasibətlərimizin inkişaf etdiyini vurğulayıb.

Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyətinin Norveçə səfəri sentyabrın 13-də başa çatıb.