Güləşçimiz ermənini məğlub etdi və əsgər salamı verdi

14 Sentyabr 2014 20:03 (UTC+04:00)

Özbəkistanın paytaxtı Daşkənddə böyüklər arasında güləş üzrə dünya çempionatına yekun vurulub. Çempionatın sonuncu günündə 59, 71 və 98 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri yarışıblar.

Mundialda 71 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz Rəsul Çunayev ilk görüşdə Yaponiya idmançısı Noritomo Eto üzərində inamlı qələbə qazanıb. Ardınca ABŞ təmsilçisi Castin Lesterlə gərgin keçən görüşü qalib başa vurub. Türkiyə idmançısı Yunus Özellə görüşdən məğlub ayrılan Rəsul Çunayev rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılıb. Rumıniya güləşçisi İonel Puskasu üzərində qələbə güləşçimizə bürünc medal şansı verib.

Bürünc medal uğrunda görüşdə Rəsul Çunayev ermənistanlı Varşam Boranyanla qarşılaşıb və rəqibini məğlub edərək çempionatı üçüncü pillədə başa vurub.
Xatırladaq ki, yunan-Roma yarışlarının ilk günündə Saman Təhmasibi gümüş və Elvin Mürsəliyev bürünc medal qazanıb. Həsən Əliyev isə çempionatı beşinci sırada tamamlayıb. /anspress/