AMAY ticarət mərkəzindəki yanğın elektrik kabellərini sıradan çıxarıb RƏSMİ

13 Sentyabr 2014 12:15 (UTC+04:00)

Bakıdakı AMAY ticarət mərkəzində baş vermiş yanğın zamanı binanın elektrik kabelləri sıradan çıxıb. SİA-nın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov jurnalistlərə verdiyi açıqlamasında deyib.

O bildirib ki, saat 10:30-da Xətai rayonu AMAY ticarət mərkəzində yanğının baş verməsi barədə Xidmətə siqnal daxil olub və dərhal da yanğınsöndürmə briqadaları hadisə yerinə göndərilib.

Ə. Novruzovun sözlərinə görə, hadisə zamanı binanın elektrik kabelləri 1-ci mərtəbədən 8-ci mərtəbəyədək sıradan çıxıb: "Yanğınsöndürənlərin hadisə yerinə gəlməsindən sonra hər hansı xəsarət faktı qeydə alınmayıb. Kimsə bizə qədər xəsarət alıbsa da, bu haqda hələlik məlumatımız yoxdur".