Avropa çempionatına Azərbaycan və Gürcüstan birgə ev sahibliyi edə bilər

12 Sentyabr 2014 21:57 (UTC+04:00)

Çimərlik voleybolu üzrə Beynəlxalq CEV "Baku Masters" turniri yüksək səviyyədə təşkil olunub. Bu sözləri sentyabrın 12-də Pirşağıdakı "Həyat" Çimərlik Voleybolu Mərkəzində təşkil olunan mətbuat konfransında Avropa Voleybol Konfederasiyasının prezidenti Andre Meyer deyib.

Konfederasiyanın prezidenti bildirib ki, yarış zamanı idmançıların məskunlaşması, nəqliyyat və onların yarış məkanına çatdırılması istiqamətində mühüm işlər görülüb. Təşkilatçılıq beynəlxalq standartlara tam cavab verir. Azərbaycan Çimərlik Voleybolu Assosiasiyasının yeni yaradılmasına baxmayaraq, ölkədə idmanın bu növünün inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılıb. Qurumun fəaliyyətini yüksək qiymətləndirir və uğurlarının davamlı olacağına ümid edirəm.

Yaxın vaxtlarda birinci Avropa Oyunlarına hazırlıq məqsədilə "Baku Crystal Hall"da Slovakiya və Azərbaycan milli komandaları arasında test yarışının təşkil olunacağını diqqətə çatdıran Andre Meyer ötən il Bakıda Çempionlar Liqası yarışlarının "Dördlər finalı"nın yüksək səviyyədə təşkil edildiyini vurğulayıb. Qeyd edib ki, sentyabrda İtaliyada qadın voleybolçular arasında dünya çempionatı başlayacaq və Azərbaycan millisi də bu yarışda mübarizə aparacaq. Azərbaycan kollektivi təsnifat mərhələsində inamlı çıxış edərək turnirin final mərhələsinə vəsiqə qazandı. Buna baxmayaraq komandanızı mundialda gərgin oyunlar gözləyir. Meydan sahibi olan İtaliya millisini çempionatın favoriti hesab edirəm. Təbii ki, Braziliya yığmasını da unutmamaq lazımdır.

Millimizin dünya çempionatına ciddi hazırlaşdığını vurğulayan Azərbaycan Voleybol Federasiyasının birinci vitse-prezidenti Faiq Qarayev yığmamızın heyətində zədəli idmançıların olduğunu qeyd edib. Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışan Faiq Qarayev voleybolun Azərbaycanda populyar olduğunu və millimizin heyətində dünya səviyyəli voleybolçuların çıxış etdiyini bildirib.

Azərbaycan millisinin sentyabrın 16-da mundialda iştirak etmək üçün Romaya yola düşəcəyini bildirən birinci vitse-prezident komandamızın İtaliya yığması ilə üç yoxlama oyunu keçirəcəyini qeyd edib. O, deyib ki, komandamızı çempionatda Belçika, Kuba və Puerto-Riko kollektivləri ilə gərgin oyun gözləyir. Çempionatda komandamız oyunlarını səhər saatlarında keçirəcək və bu voleybolçularımız üçün çətin olacaq. Bir neçə dəfə Beynəlxalq Voleybol Federasiyasına müraciət etsək də, cavab almamışıq.

Faiq Qarayev bildirib ki, 2017-ci ildə Azərbaycan Gürcüstan ilə birgə qadın voleybolçular arasında Avropa çempionatına ev sahibliyi edə bilər. Çempionatın oyunları Bakı ilə yanaşı, Quba və Gəncədə təşkil olunacaqdır. Hazırda bu istiqamətdə danışıqlar gedir. Azərbaycanın bu yarışı yüksək səviyyədə təşkil edəcəyinə ümid edirəm.

Sonda jurnalistlərin sualları cavablandırılıb.