Bakı 2015 Avropa Oyunlarından azarkeşlərə daha bir yenilik

12 Sentyabr 2014 14:43 (UTC+04:00)

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) Bakı 2015-in rəsmi saytını təkrar istifadəyə vermək məqsədilə Sitecore şirkətinin mütəxəssisləri ilə komanda şəklində toplanıb. Əməliyyat Komitəsindən SİA-ya verilən məlumata görə, ilk Avropa Oyunlarına geri sayım davam edir və bu müddətdə sifarişçinin şərtlərinə uyğun olaraq hazırlanan məzmunun idarə edilməsində və rəqəmsal marketinq texnologiyasında ixtisaslaşan Sitecore şirkəti Bakı 2015-in vebsayt ilə məşğul olan komandasına dəstək göstərəcək.

Şirkət təchizat və sponsorluq haqqında müqaviləyə imza atıb və gələn il Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək Avropa Oyunları ərəfəsində Oyunlarla bağlı məlumatların təmin edilməsi işinin tərkib hissəsinə çevriləcək.

"Birinci Avropa Oyunlarının internetdə geniş şəkildə işıqlandırılması, eyni zamanda, orijinal və yüksək keyfiyyətli məzmundan ibarət innovativ vebsayta malik olması çox vacibdir. Sitecore yüksək standartlara cavab verən vebsaytların yaradılması və idarə edilməsi ilə tanınan dünya şöhrətli şirkətdir. Avropa Oyunlarının vebsayt ilə məşğul olan komandası üçün Sitecore şirkəti tərəfindən göstəriləcək dəstək mühüm əhəmiyyətə malikdir"- deyə, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş Direktoru cənab Saymon Kleq deyib

İlk Avropa Oyunlarında nümayiş olunacaq 20 idman növünün və Oyunların keçiriləcəyi 18 yarış obyektinin hər birinin ətraflı təsvir olunduğu yeni Bakı 2015 vebsaytına saytın ilk dəfə avqustun 21-də işə başlamasından sonra dünyanın 130-dan çox ölkəsindən azarkeşlər daxil olub.

"Sitecore şirkəti Bakı 2015-in Rəsmi Dəstəkçisi olması ilə qürur duyur. Biz Avropa Oyunları ilə bağlı yaşanan həyəcanı internet üzərindən çatdırmaq məqsədilə öz təcrübə və bacarıqlarımızdan maksimum dərəcədə istifadə edəcəyik. Vebsayt aydın cizgilərlə tərtib edilib və orada mövcud olan bütün kontenti müxtəlif növ cihazlardan və ekranlardan görmək mümkün olacaq. Bunun sayəsində azarkeşlər istənilən vaxt Oyunlarla bağlı məlumat ala biləcəklər. Eyni zamanda, saytda sosial medianın şərhləri də öz əksini tapacaq. Bu isə o deməkdir ki, dünyanın hər yerindəki idman azarkeşləri real vaxt rejimində yarışlarla və bir-birləri ilə təmasda ola biləcəklər"- deyə, Sitecore International şirkətinin prezidenti cənab Soren Bak Jepsen söyləyib.

Sazişə görə, Sitecore şirkəti McDonald’s, Tickethour və Milla-dan sonra Bakı 2015-in dördüncü Rəsmi Dəstəkçisi olub.

"Sitecore şirkətinin əsas beynəlxalq idman yarışlarında peşəkarlığa və təcrübəyə malik olması o deməkdir ki, şirkət Bakı 2015-in ideal dəstəkçisidir. Onların malik olduğu texnologiya dünyanın bir çox məşhur idman komandaları və yarışları üçün Oyunların onlayn rejimdə yayımlanmasını həyata keçirib və bu texnologiya Bakı 2015 Avropa Oyunlarının onlayn rejimdə işıqlandırılması üçün əsas vasitə olacaq. Şirkət təkrarolunmaz təcrübə və nüfuza malikdir və biz qarşıdakı aylarda onlarla daha sıx şəkildə çalışacağıq"- Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Kommersiya şöbəsinin direktoru cənab Çarli Viceratna deyib.

2001-ci ildə əsası qoyulan Sitecore şirkətinin Danimarkanın paytaxtı Kopenhagendə və ABŞ-ın Kaliforniya ştatında baş ofisləri var. Şirkət hazırda dünyanın 55-dən çox ölkəsində fəaliyyət göstərir.

2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 birinci Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.

Bakı 2015 Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü, dördü qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.

Doqquz idman növü 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə Oxatma, Yüngül atletika, Velosiped idmanı, Atıcılıq, Üzgüçülük, Stolüstü tennis, Taekvondo, Triatlon və Voleybol daxildir.
Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunmuşdur. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) AOK ilə əməkdaşlı şəkildə Oyunları təşkil və idarə edəcək.

Sitecore şirkəti sifarişçi təcrübəsinin idarə edilməsi sahəsində dünya lideridir. Şirkət, tamaşaçıları heyran edən, sadiqliyə təminat verən və gəlir yaradan çox aktual məzmun və xüsusi rəqəmsal təcrübələrə malikdir. Sitecore® Experience PlatformTM ilə marketoloqlar istənilən kanal üzərindən onların brendi ilə maraqlanan hər bir müştərinin fikirlərini öyrənə bilərlər. Dünyanın 4000-dən çox aparıcı brendi – o cümlədən, American Express, Carnival Cruise Lines, easyJet, Heineken və L’Oréal gələcək üçün müştərilər qazandıran əhəmiyyətli qarşılıqlı əlaqələrin həyata keçirilməsində Sitecore şirkətinə etibar edir.

Ətraflı məlumat üçün http://www.sitecore.net ünvanına daxil olmağınız xahiş olunur.