BAXCP-dən Müsavatın qurultayına MÜNASİBƏT

12 Sentyabr 2014 12:13 (UTC+04:00)

"Yeni başqan olaraq kiminsə seçilməyi Müsavat Partiyasının daxili işidir. Mən də qabaqcadan bununla bağlı hər hansı bir proqnoz vermək istəməzdim. Lakin o da bəllidir ki, Müsavat Partiyası uzun müddətdir ki, öz qurultayını keçirə bilmir və bunun da müxtəlif səbəbləri var. Hansı ki, müsavatçılar daha çox yer məsələsi ilə bağlı fikirlər səsləndirirlər". Sözügedən fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Ali Məclisinin sədri Teyyub Qənioğlu Müsavat Partiyasında qurultayöncəsi baş qaldıran ittihamlara münasibətini bildirərkən deyib.

BAXCP rəsmisinin sözlərinə görə, Müsavat daxilində məsələnin bu vaxta qədər uzadılması ajiotaj yaratmaq məqsədini güdür: "Çünki bu, suyu bulandırmaq həvəsindən irəli gələn haldır. Amma belə şeylərlə dəryanı bulandırmaq çox çətin bir məsələdir. Sadəcə olaraq, ajiotajı yaradanlar da elə Müsavat Partiyasından olan üzvlərdir. Bir də kənardan bir-iki maraqlı tərəflər var ki, onlar da müsavatdaxili məsələlərə öz "töhfələrini" verirlər".

Müsavat və AXCP arasında daim ziddiyyətlərin də olduğunu xatırladan Teyyub Qənioğlu həmçinin bildirib ki, onlar arasında gedən savaş hər iki partiyayaya ziyan vuracaq: "İstər Müsavat olsun, istər AXCP olsun, bunların hamısı AXC-nin şinelindən çıxmış partiyalardır. Təbii ki, hər iki partiya arasında bir-birinə donos ötürənlər də var, əlaqə saxlayanlar da var, gözü götürməyənlər də var. Bu isə təbii prosesdir. Onsuz da bu partiyalar arasında kifayət qədər ixtilaflar var. Əgər kimlərsə belə addımlar atırsa, bu addımların nə Müsavata, nə də AXCP-yə xeyri olmayacaq".

Rövşən Nurəddinoğlu