“Tour of China”da son 2 mərhələ

12 Sentyabr 2014 11:14 (UTC+04:00)

Çində Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour of China" veloyürüşünün 2-ci bölümünün 3-cü mərhələsi də arxada qalıb. SİA-nın məlumatına görə, 5 mərhələdən ibarət bu hissədə iştirakçılar 143 km məsafə qət ediblər.

"Synergy Baku" komandasının üzvlərindən ən yaxşı nəticə Metyu Bremmierə məxsusdur. O, məsafəni 3 saat, 2 dəqiqə, 38 saniyəyə başa vurmaqla mərhələ qalibi adını qazanan Qazaxıstanın "Astana" kontinental komandasının üzvü Vadim Qalayevdən 25 saniyə geri qalmaqla 13-cü olub.

Ümumi təsnifatda "Synergy Baku" üzvlərindən Aleksandr Surutkoviç 9-cu, bir neçə gündən sonra İspaniyada keçiriləcək dünya çempionatında Azərbaycanı təmsil edəcək yığma komandamızın üzvü Elçin Əsədov 12-ci, Metyu Bremmier isə 16-cıdır. Komanda hesabında "Synergy Baku" 22 kollektiv arasında 8-ci mövqedə qərarlaşır.

Bü gün keçiriləcək 4-cü mərhələdə iştirakçılar 138.8 km məsafə qət edəcəklər.

Qeyd edək ki, şüarı "Davamlı gələcəyə doğru" olan "Synergy Group" ASC Azərbaycanın ilk peşəkar velokomandası "Synergy Baku Cycling Project"in baş sponsorudur.