Yavər Camalov: “MSN-də istehsal edilən məhsulların həcmi 28 dəfə artıb”

12 Sentyabr 2014 11:04 (UTC+04:00)

"Azərbaycanın müharibə şəraitində olması nəzərə alınaraq, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə ehtiyac var". SİA-nın xəbərinə görə, bu sözləri müdafiə sənayesi naziri Yavər Camalov "ADEX 2014" birinci Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində Bakıda "Müasir müharibə metodları və təhlükəsizlik çağırışları" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

2005-ci ildə yaradılan Müdafiə Sənayesi Nazirliyinin (MSN) xarici ölkələrlə əməkdaşlığından danışan nazir vurğulayıb ki, 2005-ci ildən yaradılan MSN hazırda 34 ölkə ilə əməkdaşlıq edir: "Nazirlik yarandığı dövrdən bəri onun tabelçiliyinə verilmiş müəssisələrin yenidən qurulması və yeni müəssisələrin yaradılması istiqamətində böyük işlər görülüb. 2005-ci ilə nisbətən 2013-cü ildən MSN-də istehsal edilən məhsulların həcmi 28 dəfə artıb. Müdafiə təyinatlı məmulatların yaradılması üçün cari və perspektiv planlar hazırlanıb, 1700-dən çox cihaz və tərtibatlar alınaraq quraşdırılıb. Müdafiə Sənayesi Nazirliyinin fəaliyyət göstərdiyi müddətdə 51 istehsal sahəsi yaradılıb. Bu gün atıcı və artilleriya silahları, pilotsuz uçuş aparatları, zirehli texnikalar istehsal olunur. İxrac əməliyyatlarının çəkisi durmadan artır. Bu gün sərgidə Azərbaycan istehsalı olan 168 adda müdafiə təyinatlı məhsul nümayiş etdirilir. MSN yarandığı dövrdən bəri 15 beynəlxalq sərgidə iştirak edərək istehsal etdiyi müdafiə təyinatlı məhsullarını nümayiş etdirib".

Elvin Abdulqədirov