Azərbaycan şahmatçıları medallar uğrunda mübarizə aparırlar

11 Sentyabr 2014 21:55 (UTC+04:00)

Bolqarıstanda sayca 13-cü dəfə "Kesarovski-Stançev Memorialı" beynəlxalq şahmat turniri keçirilir. Turnirin sponsoru yerli biznesmen bu tədbiri şahmat üzrə ustalığa namizəd olmuş iki yaxın adamının - öz atasının və vaxtsız vəfat etmiş dostunun xatirəsinə həsr edib. Solneçnıy Bereq kurortunda keçirilən yarışda yaşı 8-dən 80-ə qədər olan 206 nəfər kişi və qadın şahmatçı iştirak edir. Onların arasında 8 qrossmeyster, 11 beynəlxalq usta və 5 FİDE ustası vardır. Azərbaycan idmanının şərəfini 7 şahmatçı qoruyur.

"A" turnirində 5 turdan sonra 4,5 xal toplamış Hindistan nümayəndəsi Mişra Svayams liderdir. Azərbaycan nümayəndələri arasında ən yaxşı nəticələr göstərən Aydın Süleymanlı 3,5 xal, Rəvan Əliyev 3 xal toplayıb. Məmmədəli Rzayev və Üzeyir Talıbov hərəyə 1,5 xal, Xalid Atababayev və Fatimə Məmmədova hərəyə 1 xal toplayıblar.

İsveçrə sistemi üzrə keçirilən beynəlxalq turnir 9 turdan ibarət olacaq.