Prezident Avstriya nümayəndə heyətini qəbul edib

11 Sentyabr 2014 21:08 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 11-də Avstriya Respublikasının Avropa, inteqrasiya və xarici işlər federal naziri Sebastian Kurtsun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Azərbaycan ilə Avstriya arasında ikitərəfli münasibətlərin səviyyəsinin razılıq doğurduğunu vurğulayıb. Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. İqtisadi sahədə əməkdaşlığımıza toxunan dövlətimizin başçısı Avstriya şirkətlərinin Azərbaycandakı əhəmiyyətli layihələrdə iştirakını bunun yaxşı nümunəsi kimi dəyərləndirib. Prezident İlham Əliyev ölkələrimiz arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu vurğulayıb.

Avstriyanın Avropa, inteqrasiya və xarici işlər federal naziri Sebastian Kurts ölkəmizə ilk səfərindən məmnunluğunu ifadə edib. İş adamlarından ibarət böyük nümayəndə heyəti ilə Azərbaycana səfər etdiyini vurğulayan avstriyalı nazir öz növbəsində bu səfərin ikitərəfli əlaqələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirib.