Ölkə başçısı sərgi ilə tanış olub (YENİLƏNİB )

11 Sentyabr 2014 17:47 (UTC+04:00)

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 11-də "Baku Expo" Mərkəzində I Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisi - "ADEX 2014" ilə tanış olub. SİA-nın məlumatına görə, dövlət başçısına məlumat verilib ki, sərgidə dünyanın 34 ölkəsindən 200 şirkət və rəsmi nümayəndə heyəti iştirak edir.

Burada Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Koreya Respublikası, Polşa, İsrail və Ukraynanın milli qrupları öz ekspozisiyalarını nümayiş etdirir. "ADEX 2014"-də Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin 168 adda müdafiə təyinatlı məmulatı sərgilənir.

Qeyd edilib ki, sərgidə sənaye müəssisələrinin əldə etdikləri ən yeni nailiyyətlər, quru qoşunları və hərbi-dəniz qüvvələrinin silah və texnikaları, aviasiya və aviasiya silahları, hava hücumundan müdafiə üzrə sistem və vasitələr, xüsusi təyinatlı vasitələr, informasiya texnologiyaları, rabitə sistemləri, ordunun inzibati və texniki təminatı, kosmik texnologiyalar istiqamətləri üzrə məhsullar nümayiş olunur.

Prezident İlham Əliyev sərginin pavilyonları ilə tanış olub.