“Əsgərin şücaəti” filminin çəkilişlərinə start verilib

11 Sentyabr 2014 17:20 (UTC+04:00)

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında istehsal olunan "Əsgərin şücaəti" filminin çəkilişləri davam edir. Kinostudiyadan SİA-ya verilən məlumata görə, ilk səhnələri Belarusun Brest şəhərində lentə alınan filmin Azərbaycanda çəkilişlərinə start verilib. İlk səhnələr Gəncədə lentə alınacaq.

"Əsgərin şücaəti" filmi İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 70 illiyinə həsr olunub. Filmdə İkinci Dünya müharibəsi ilə Qarabağ müharibəsi arasında paralellərin aparılması da nəzərdə tutulub.

Yeni çəkilən filmin rejissoru Elxan Cəfərov, ssenari müəllifləri Yavər Rzayev və Yuri Vorobyov, quruluşçu operatoru isə Nadir Mehdiyevdir.

Qeyd edək ki, filmdə baş rolları əməkdar artist Şamil Süleymanov, Pantomim Teatrının aktyoru Bəhruz Vaqifoğlu və digərləri ifa edir. Ekran əsərində azərbaycanlı aktyorlarla yanaşı, Almaniya və Rusiyanın tanınmış aktyorları da rol alıb.