Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib FOTOLAR

11 Sentyabr 2014 14:28 (UTC+04:00)

Bu gün Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. SİA-nın xəbərinə görə, konfransda təhsil naziri Mikayıl Cabbarov, nazirliyin digər nümayəndələri, Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları, eləcə də məktəb direktorları iştirak ediblər.

Konfransda ilk olaraq çıxış edən Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Elnur Əliyev illik hesabatı təqdim edib. Onun sözlərinə görə, Bakı şəhəri üzrə Təhsil İdarəsi tabeliyində 319 ümumtəhsil müəssisəsi olmaqla, 27 855 pedaqoq, 321 470 şagirdi özündə birləşdirən strukturdur.

2013-2014-cü dərs ili ərzində neqativ hallara görə 7 məktəb direktorunun və 3 direktor müavininin vəzifələrindən azad oldunduğunu deyən E. Əliyev qeyd edib ki, 32 məktəb direktoru və 16 direktor müavini intizam məsuliyyətinə cəlb olunub. Eyni zamanda hesabat ilində 45 saxta diplomla çalışan müəllim aşkar olunub və dərhal işdən çıxarılıb" .

O həmçinin qeyd edib ki, müəllimlərin sınaq qiymətləndirilməsi imtahanında iştirak etməyən müəllimlər üçün sentyabrın 20-də növbəti qiymətləndirmə prosesi aparılacaq.

Təhsil naziri Mikayıl Cabbarov isə çıxışında bildirib ki, növbəti maliyyə ilində sınaq qiymətləndirilməsindən keçən hər bir müəllim bunu özünün əmək haqqında hiss edəcək. Sınaq qiymətləndirilməsi keçirilməyən regionlarda müəllimlərin əmək haqlarının artırılması məsələsi isə gündəmdə olmayacaq.

Nazirin sözlərinə görə, məktəb direktorunun vəzifələrindən biri məktəbdə dərs yükünün bölgüsünün aparılması və optimallaşdırılmasına kömək etməyə çalışmasıdır: "Lakin hazırkı mənzərə fərqlidir. Belə ki, bir çox müəllimlərin dərs yükü 1 stavkadan da aşağıdır. Belə olan halda əmək haqqının artırılmasının nə faydası? Ona görə də, biz onun tərəfdarıyıq ki, əvvəlcədən dərs yükü optimallaşdırılsın və reallığı əks etdirsin. Bunun ardınca dərs saatının pul dəyəri qalxsın. Sınaq qiymətləndirilmə bununla bağlı ilk addım idi".

Konfransda həmçinin məktəb direktorları "Təhsil strategiyası və təlimlər", "Müəllimlərin işə qəbulu müsabiqəsi və sınaq qiymətləndirmə", "Təhsildə kurikulumun tətbiqi" mövzularında çıxışlar olub.

Konfransda 10 direktor 3 və daha artıq məzunu 2013-2014-cü dərs ilində ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuraraq qızıl medal qazandıqlarına görə "Təhsil Nazirliyinin Fəxri Fərmanı" ilə təltif edilib.

Konfransın sonunda tədbir iştirakçıları adından ölkə başçısı İlham Əliyevə müraciət ünvanlanıb və konfransın qətnaməsi qəbul olunub.