Bakıda beynəlxalq konfrans keçirilir

11 Sentyabr 2014 12:57 (UTC+04:00)

Bu gün "Dövlət qulluqçularının potensialının artırılması yolu ilə dövlət qulluğunda səmərəliliyin artırılması" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. SİA-nın məlumatına görə, konfrans Dövlət qulluğunda islahatlar sahəsində təcrübənin bölüşdürülməsi və qarşılıqlı olaraq digər ölkələrin dövlət qulluğu sistemlərinin öyrənilməsi məqsədilə keçirilir.

Konfransda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov Azərbaycanın son dövrlərdə əldə etdiyi nailiyyətlər, iqtisadi siyasi, ticari və digər sahələrdə qazandığı uğurlar barədə məlumat verib.

Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğunu bildirən Bəhram Xəllov Azərbaycanın dünyəvi demokratik bir dövlət olduğunu qeyd edib.

Ötən illər ərzində dövlət qulluqçularının potensialının artırılması istiqamətində mühüm işlərin görüldüyünü bildirən komissiyanın sədri dövlət qulluğuna inamın artırılmasının qarşıya yeni çağırışlar qoyduğunu vurğulayıb.

Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının yüksək səviyyədə davam etdiyini söyləyən Bəhram Xəlilov dövlət qulluğu üzrə milli təlim strategiyasının hazırlanması istiqamətində görülən işlərdən də danışıb: "Dövlət qulluqçularının potensialının artırılması yolu ilə dövlət qulluğunda səmərəliliyin inkişafına nail olmağın yolları, inzibati idarəçilikdə dövlət qulluqçularının peşəkar inkişafı sahəsində nailiyyətlər və çətinliklər barədə fikir mübadiləsi aparmaq və təcrübə bölüşmək məqsədilə keçirilən konfransda 24 ölkəni təmsil edən 80-dən çox nümayəndə iştirak edir. Konfransda təlim strategiyasının və siyasətinin qurulması və inkişaf etdirilməsi məsələlərinə də xüsusi diqqət yetiriləcək. Ötən il dekabrın 1-də "Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək" adlı iki illik layihə fəaliyyətə başlayıb. Layihənin yekun hədəfi Hərtərəfli İnstitusional Quruculuq Proqramı çərçivəsində "İnstitusional İslahat Planı 3"-ün həyata keçrilməsində DQMK-ya dəstəyin verilməsidir. Layihə əsas 3 nəticənin əldə olunmasına yönəlib. Belə ki, ilk növbədə dövlət qulluğu üzrə milli təlim strategiyasının hazırlanması və həyata keçirilməsi, ikinci Avropa İttifaqı ilə bağlı sahələrdə və digər seçilmiş sahələrdə standart təlim modullarının yaradılması və tətbiqi və üşüncü isə prioritet sahələrdə təlim keçə bilən təlimçilər bazasının formalaşdırılması HİQ Proqramı Aİ və Azərbaycan Respublikasının birgə hazırladığı və həyata keçirdiyi layihədir. Bu layihə Assosiasiya Sazişinin imzalanması və müvafiq öhdəliklərin yerinə yetirilməsinə yardım etmək məqsədi daşıyır. Proqram institusional islahat və potensialın gücləndirilməsi ilə bağlı Azərbaycan qurumlarına güclü təsir edəcək islahat sahələrini müəyyən edir".

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard hər bir cəmiyyətdə dövlət qulluğunun əlaqələndirmənin qurulması istiqamətində önəmli qurum olduğunu qeyd edib: "Daha geniş əlaqələndirmənin yaradılması üçün müəyyən danışıqlar aparılmalıdır. Bu sahədə Aİ ilə Azərbaycan arasında sazişlər imzalanacaq. Bu addımlar Aİ ilə Azərbaycanı daha da yaxınlaşdıracaq. BMT İP bu layihənin həyata keçirilməsində tərəfdaşlarımız seçilib. Dövlət Qulluğu Aİ nümayəndəliyinin etibarlı tərəfdaşıdır. Aİ Azərbaycan ilə bu əməkdaşlığı qurmaqdan çox məmnundur".

Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev də bu cür tədbirlərin dövlət qulluğu sahəsində yeni çağırışların müəyyən edilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

Aİ ilə Azərbaycan arasında əlaqələrin geniş inkişaf etdiyini bildirən Sahil Babayev bu istiqamətdə geniş hüquqi bazanın mövcud olduğunu söyləyib.

Ötən illərlə müqayisədə Azərbaycan ilə Aİ arasında ticarət dövriyyəsinin artdığını diqqətə çatdıran S. Babayev bildirib ki, Azərbaycan ilə Aİ arasında strateji əməkdaşlığa dair sənədlər imzalanıb: "Azərbaycan Aİ-nin yardım proqramlarında iştirak edir. 34 layihə üzərində iş aparılır".

Almaniyanın Azərbaycandakı səfirinin müavini Volfang Mossinger çıxış edərək dövlət qulluqçularının imkanlarının genişləndirilməsi istiqamətində işlər aparılmasının vacibliyindən danışıb.

İstənilən sahədə qeyri – uyğunluğu tarazlaşdırmaq üçün bu cür konfrans əhəmiyyətli rol oynayacağını qeyd edən V. Mössinqer bildirib ki, dövlət qulluğu qloballaşan dünyada vətəndaşların tələbatlarına cavab verməlidir.

Astana Dövlət Qulluğu Regional Şəbəkəsinin rəhbəri Əlixan Baymenov Qazaxıstanın bu sahədəki təcrübəsi barədə məlumat verib. Bildirib ki, dövlət qulluğuna seçilmə, qəbul edilmə tələb olunan bazara uyğun seçilməli, lazımi şərait yaradılmalıdır: "Dövlət qulluğu sahəsində bir sıra islahatların keçirilməsi vacib yer tutur. İnstitutlaşdırma, sistemləşdirmə regionda bu cür əməkdaşlığın inkişafını öz töhfəsini verəcək. Bu cür konfransın təşkili üçün digər tədbirlərin keçirilməsi, qeydlərin aparılması üçün məlumat bazası şərait yaradır".

Makedoniyanın Baş nazirinin Avropa İttifaqı məsələləri üzrə müşaviri Tatyana Arsova "Avropa inteqrasiya üçün dövlət qulluğunda bacarıqların inkişaf etdirilməsi" mövzusunda təqdimatla çıxış edib. O, Azərbaycanın bu sahədə uğurlu tədbirləri həyata keçirdiyini söyləyib.

Tədbir daha sonra panel sessiyalarla davam edib. Almaniyalı müstəqil ekspert Kristofer Vaynmanın moderatorluğu ilə keçirilən plenar sessiyada Azərbaycan Turizm İnstitutunun rektoru, professor Cəfər Cəfərov "Universitet və dövlət qulluğu: inkişaf üçün əməkdaşlıq" mövzusunda çıxış edib.

Daha sonra "Dövlət qulluqçularının bacarıqlarının inkişafı üzrə metdor və alətlər", "Dövlət qulluğu üzrə təlim institutları: strategiya, qanunvericilik və təcrübə", "Dövlət qulluğunda bacarıqların inkişafı üzrə əsas məsələlər" mövzuları ətrafında geniş müzakirələr aparılıb.

Qeyd edək ki, konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GIZ) birgə təşkilatçılığı ilə keçirilən üçüncü beynəlxalq tədbirdir. Konfrans Avropa İttifaqı Şərq Tərəfdaşlığının Hərtərəfli İnstitusional Quruculuq (HİQ) Proqramının "İnstitusional İslahat Planı 3" çərçivəsində DQMK və GİZ tərəfindən həyata keçirilən "Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək" layihəsi əsasında keçirilir. Layihə Avropa İttifaqı və Almaniya Federativ Respublikasının İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən birgə maliyyələşdirilir. Konfrans sentyabrın 12-də yekunlaşacaq.