Nümayəndə heyətimiz Belçika Senatının spikeri ilə görüşüb

10 Sentyabr 2014 22:23 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Belçika Senatının spikeri xanım Sabine de Butyun ilə görüşüb. Şura Katibliyindən SİA-ya bildirilib ki, Belçika parlamentində keçirilən görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Şuranın üzvü Rəna Mirzəzadə və Azərbaycanın Belçikadakı səfirliyinin əməkdaşı da iştirak edib.

Spiker Belçika Senatının fəaliyyəti haqqında Azərbaycan nümayəndə heyətinə məlumat verib. O bildirib ki, rəsmi Brüssel "Şərq tərəfdaşlığı" Proqramına üzv ölkələr, o cümlədən Azərbaycan ilə əməkdaşlığa xüsusi önəm verir.

Azay Quliyev rəhbərlik etdiyi Şuranın xarici QHT-lərə göstərdiyi maliyyə dəstəyindən söhbət açaraq bildirib ki, əsas məqsəd Avropada və ABŞ-da fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları ilə Şura arasında uzunmüddətli əməkdaşlığın əsasını qoymaqdır. O, ötən il ərzində Şura tərəfindən 30-a yaxın xarici QHT layihəsinin dəstəkləndiyini vurğulayaraq deyib ki, 30 təşkilatdan 4-ü Belçikadan olan QHT-lərdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan sədr bu məsələdə Avropa İttifaqının seyrçi mövqeyindən təəssüfləndiyini bildirib. O, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrə Ermənistan tərəfindən məhəl qoyulmamasına Avropa İttifaqının adekvat münasibət bildirməməsinin doğru olmadığını və işğalçının cəzasız qalmasının bölgədə gərginliyin artmasına gətirib çıxardığını diqqətə çatdırıb. A.Quliyev Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə də qəti addımlar atmasının vacibliyini vurğulayıb, təşkilatı münaqişənin ədalətli həllinə töhfə verməyə çağırıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda qadınların hüquqlarının qorunması, məşğulluğun artırılması və digər mövzularda ölkənin müsbət təcrübəsindən danışıb.