Saatlıda bələdiyyə sədrləri üçün seminar

10 Sentyabr 2014 20:15 (UTC+04:00)

Sentyabrın 10-da Ədliyyə Nazirliyinin İmişli Regional Ədliyyə Şöbəsinin təşkilatçılığı ilə Saatlı şəhərində bələdiyyə sədrləri üçün növbəti seminar keçirilib. Saatlı Rayon İcra Hakimiyyətinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi rayon şöbəsinin əməkdaşlarının da iştirak etdikləri seminarda İmişli Regional Ədliyyə Şöbəsinin rəisi Hakim Məmmədov Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən islahatlar, nazirliyin Bələdiyyələrlə İş Mərkəzi və regional ədliyyə şöbələri tərəfindən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodiki köməklik göstərilməsi və fəaliyyətlərinə inzibati nəzarət sahəsində görülən işlər barədə məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.

İmişli Regional Ədliyyə Şöbəsinin əməkdaşları Fəxrəddin İbadullayev və İlkin Savalan "Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun möhkəmləndirilməsi", "Bələdiyyələrin fəaliyyətində demokratik idarəçilik metodlarının təmin edilməsi" və "İnsan hüquqlarının qorunmasında bələdiyyələrin rolu" mövzularında çıxışlar ediblər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.