50 min manatlıq cinayət işi məhkəməyə göndərilib

10 Sentyabr 2014 16:49 (UTC+04:00)

"ZaminBank" ASC-nin Cənub filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb. Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, istintaq zamanı filialın müdiri vəzifəsində işləyən Müşfiq Bayramovun və filial əməkdaşlarının sənədləri saxtalaşdırmaqla ayrı-ayrı şəxslərin adından banka depozit kimi qoyulmuş 49 min manat və 2 min ABŞ dolları məbləğində pulu mənimsəmələrində şübhələr üçün əsaslar olduğundan M. Bayramova Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə və ya israf etmə), 179.2.4 və 179.3.2-ci maddələrində, filialın baş mühasibi Nailə İsgəndərovaya və xəzinə müdiri Mehriban İsmayılovaya isə həmin məcəllənin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsində nəzərdə tutulan ittiham elan edilib.

İstintaq dövründə dəymiş ziyanın 41 min 300 маnatının ödətdirilməsi təmin edilib. Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.