Ölkə başçısı Serbiyanın XİN rəhbərini qəbul edib

10 Sentyabr 2014 14:49 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Serbiyanın Baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın xəbərinə görə, dövlət başçısı Azərbaycan ilə Serbiya arasında ikitərəfli əlaqələrin inkişafının razılıq doğurduğunu vurğulayıb.

Prezident İlham Əliyev Serbiyanın Baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiçin Azərbaycana bu səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib.

Xarici işlər naziri kimi Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayan Serbiyanın Baş nazirinin müavini və Xarici işlər naziri İvitsa Daçiç dost ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha yüksək səviyyəyə qaldırılması üçün qarşılıqlı istəyin olduğunu qeyd edib.

Nazir ölkəsinin Azərbaycan ilə əlaqələri siyasi və iqtisadi sahələrdəki kimi, mədəni, humanitar və digər sahələrdə də inkişaf etdirməkdə maraqlı olduğunu deyib.