İdmançılarımız Qırğızıstanda "Köçərilərin I Ümumdünya Oyunları"nda iştirak edirlər FOTOLAR

10 Sentyabr 2014 12:09 (UTC+04:00)

Sentyabrın 9-da Qırğız Respublikasının Çolpon-ata şəhərində "Köçərilərin I Ümumdünya Oyunları"nın açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, açılış mərasimindən əvvəl Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin adından Ümumdünya oyunlarında iştirak edən ölkələrin nümayəndə heyətlərininin şərəfinə rəsmi ziyafət təşkil olunub. Ziyafətdə Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli iştirak ediblər. Türkiyə, Qazaxıstan, Qırğızıstan, Rusiya, ABŞ, Əfqanıstan, Avstriya, Monqolustan, Almaniya, İsveç və digər ölkələrin qatıldığı bu möhtəşəm etno-idman və turizm tədbirində ölkəmizi 30-dan çox idmançı təmsil edib. Qırğız Respublikasının təbiət incisi olan İsikul gölünün sahilində on minlərlə tamaşaçının iştirakı ilə keçirilən aşılış mərasimində çıxış edən Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev tədbir iştirakçılarını salamlayıb və yarışların tarixi əhəmiyyətindən danışıb. O, qloballaşan dünyada xalqların bir-birinə daha da yaxınlaşması üçün idman yarışlarının bu formatının əhəmiyyətini xüsusi diqqətə çəkib, belə tədbirlərin hər il keçirilməsi zəruriliyini vurğulayıb.

Prezident Almazbek Atambayev "Köçərilərin I Ümumdünya Oyunları"nın keçirilməsi təşəbbüsünə böyük dəstək verdiklərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Türkiyə və Qazaxıstan Respublikasının prezidentlərinə xüsusi təşəkkürünü bildirib. Açılış mərasimində iştirakçı ölkələrin idmançıları təntənəli marş sədaları altında tribunanın önündən keçiblər.

Qeyd edək ki, Milli komandaların yarışları sentyabrın 15-dək davam edəcək.