Azərbaycan və İran arasında mədəni əlaqələr müzakirə edilib

9 Sentyabr 2014 20:30 (UTC+04:00)

Sentyabrın 9-da Mədəniyyət və Turizm Nazirliyində İran İslam Respublikasının Rəzəvi Xorasan əyalətinin valisi Əlirza Rəşidiyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev hər iki ölkə arasında mədəni əlaqələrin inkişafından söhbət açıb. Bildirib ki, Azərbaycanı İranın Rəzəvi Xorasan vilayəti ilə qədim tellər bağlayır. Ümidvaram ki, gəlişiniz nəticəsində tarixi qədim olan əlaqələr daha da güclənəcək. Azərbaycan və İran arasında mədəniyyət və turizm əlaqələri daim inkişaf edir və nümayəndə heyətinin Bakıda olduğu müddətdə keçirdiyi görüşlər bu sahədə əməkdaşlığa təkan verəcək.

Nazir həmçinin qeyd edib ki, bizim dövlətlər bir-birinə dost, qardaş dövlətlərdir. Ümumu tariximiz, dinimiz və meyarlarımız var. Belə səfərlər və görüşlər, şübhəsiz ki, bu iki dövlətin arasında münasibətlərin genişlənməsinə və inkişafına xidmət edir.

Nümayəndə heyətinin rəhbəri Əlirza Rəşidiyan səmimi qəbula görə nazir Əbülfəs Qarayevə təşəkkürünü bildirib. Qeyd edib ki, iki dost, qonşu ölkə olan Azərbaycan və İran arasında müxtəlif sahələrdə əlaqələr mövcuddur. Biz tarix, dil, din, mədəniyyətlə yanaşı, həm də ailə, məişət məsələlərində də çox yaxın ölkələrik. Qonaq hər iki ölkə rəhbərinin Davos görüşündən, eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrana səfərindən sonra ölkələrimiz arasındakı əlaqələrin daha da genişlənməsindən söz açıb. Qeyd edib ki, bir müddət əvvəl Bakıda keçirilmiş hər iki ölkənin müştərək iqtisadi komissiyasının iclası da bu əlaqələrin genişlənməsinə təkan verməkdədir.

Görüşdə ölkələr arasında mədəniyyət, turizm və mədəni irs sahəsində əməkdaşlıq, dövlətlər arasında yeni aviareyslərin açılışı və digər məsələlər barədə müzakirələr aparılıb.