Lerikdə uzunömürlülərin yaradıcılıq festivalı keçirilib FOTOLAR

9 Sentyabr 2014 18:28 (UTC+04:00)

Sentyabrın 8-də Lerik rayonundakı "Relax" turizm və istirahət mərkəzində uzunömürlülərin yaradıcılıq festivalı keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Mədəniyyət və Turizm Nazirliyi və Lerik Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda Astara, Lənkəran, Lerik, Yardımı, Masallı, Cəlilabad, Biləsuvar, Salyan, Baləkən və İsmayıllı rayonlarının folklor kollektivləri, xalq tətbiqi sənətinin ustaları, respublikanın tanınmış mədəniyyət və incəsənət ustaları iştirak ediblər.

Festivalda 100-dən yuxarı uzunömürlü sakini iştirak edib. Mədəniyyət naziri Əbülfəz Qarayev əvvəlcə qocaman iştirakçılarla görüşüb, üzünömürlülərə aid təşkil edilmiş foto, rəsm və kitab sərgiləri, xalq tətbiqi sənəti nümunələri ilə yaxından tanış olub.

Ölkədə ilk dəfə keçirilən uzunömürlülərin yaradıcılıq festivalı çərçivəsində plov müsabiqəsi keçirilib.

Azərbaycan Milli Kulinariya Assosiasiyası və Milli Kulinariya Mərkəzinin təşkil etdiyi müsabiqədə iştirakçı rayonların hər biri üç növ plov nümayiş etdirib.

Münsiflər heyətinin qərarı ilə fərdi yarışlarda Muhəmmədsadiq Ləkipur (Lerik) birinci yerə, Lətifə Hüseynova (Masallı) ikinci yerə, Minaxanım Yusibova (Cəlilabad) üçüncü yerə layiq görülüblər.

Rayonlar üzrə keçirilən plov müsabiqəsində isə Salyan, Lənkəran və Astara rayonları müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutublar.

Qaliblərə diplomlar, medallar və hədiyyələr təqdim edilib.

Mərasimdə, həmçinin, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırova, festivalın sponsorları-"Relax" turizm və istirahət mərkəzinin, "Azərsun-Holdinq " Şirkətlər Qrupunun, "Millenium" turizm və "Sektor" şirkətlərinin nümayəndələrinə diplomlar təqdim edilib.

Festivalda Prezident İlham Əliyevin Lerik rayonuna səfəri çərçivəsində üzünömürlülər muzeyinin açılış mərasimi ilə bağlı video-çarx, uzunömürlülər barədə lentə alınmış "Nəvəmin nəvəsinin nəvəsi" bədii film, "Səlnamə" studiyasında lentə alınmış "Əsrə sığmayan həyat" sənədli film nümayiş etdirilib.

Mədəniyyət və Turiz Naziri Əbülfəz Qarayev jurnalistlərə veridiyi müsahibəsində bildirib ki, Azərbaycanda ilk dəfə keçirilən uzunömürlülərin yaradıcılıq festivalı çox gözəl təşəbbüsdür. Belə bir festival iştirakçılar üçün öz istedad və bacarıqlarını nümayiş etdirmək üçün gözəl fürsətdir. Gələcəkdə belə festivalların keçirilməsi ənənə şəklini alacaqdır.

Tədbirdə Xalq artistləri Canəli Əkbərovun, Teymur Mustafayevin, Əməkdar artistlər Zakir Əliyevin, Səbuhi İbayevin, Lerik rayonunun "Rəfti", Astara rayonunun "Əvəsor", Lənkəran rayonunu "Nənələr", Masallı rayonunun "Halay" folklor kollektivlərinin çıxışları tamaşaçılar tərəfindən hərarətlə və alqışlarla qarşılanıb.

Sərraf Mirsəfəroğlu