"Əsrin müqaviləsi"nin 20 illiyi ilə bağlı müsabiqə elan olunur

9 Sentyabr 2014 15:55 (UTC+04:00)

AMEA prezidenti, akademik Akif Əlizadənin 8 sentyabr tarixli Sərəncamı ilə "Əsrin müqaviləsi" böyük neft Sazişinin imzalanmasının 20-ci ildönümü münasibətilə neft-qaz və neft-kimya sahəsində fundamental və tətbiqi tədqiqatlarda fəal iştirak edən gənc alimlərin fəaliyyətini stimullaşdırmaq vә onlara әlavә yaradıcılıq imkanları yaratmaq məqsədilə müsabiqə elan olunur. SİA-nın xəbərinə görə, müsabiqədə AMEA-nın elmi müəssisələri tərəfindən irəli sürülən, yaşı 35-dək olan AMEA-nın gənc alimləri iştirak edə bilərlər.

İştirak etmək istəyən gənc alimlər yerinə yetirdikləri elmi tədqiqatlar, əldə etdikləri mühüm elmi nailiyyətlər və onların elmi-praktiki əhəmiyyəti haqqında dolğun məlumatı müəyyən edilən formaya uyğun olaraq elektron variantı ilə birlikdə sentyabrın 15-dək AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Elmi- təşkilat İdarəsinə təqdim etməlidirlər.

Qeyd edək ki, müsabiqə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun maliyə dəstəyi ilə həyata keçirilir.